Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən birinci və ikinci Dövlət proqramları sovet hakimiyyəti dövründə respublikamızın iqtisadi cəhətdən ən geridə qalan bölgələrindən olan Zərdab rayonunu sürətli, dinamik inkişaf yoluna çıxarıb.
Son 10 ildə rayonda ümumi məhsul buraxılışının həcmi nəzərəçarpacaq dərəcədə artıb. Başqa sözlə, 2003-cü ildə rayonda ümumi məhsul buraxılışının həcmi 22 milyon 479,3 min manat olduğu halda, 2013-cü ildə bu rəqəm 102 milyon 111,6 min manata çatıb. İqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatında, habelə meşə təsərrüfatı və balıqçılıqda bu artım 17 milyon 463 min manatdan 49 milyon 223,5 min manata, tikintidə 274,8 min manatdan 33 milyon 812,7 min manata yüksəlib. Əsas kapitala qoyulan investisiyalar 380 min manatdan 32 milyon 862,8 min manata çatıb. Aqrar sektorun aparıcı sahəsi olan taxılçılıq sürətlə inkişaf edib. 2013-cü ildə taxıl istehsalı əvvəlki ilə nisbətən 8048 ton artaraq 47097 ton, cari ildə isə 2635 ton artaraq 49732 ton olub.
Son 10 ildə Zərdabda, onun qəsəbə və kəndlərində sosial infrastrukturun yeniləşməsi, insanları narahat edən problemlərə diqqət və qayğı prioritet istiqamət təşkil edib. Bu müddətdə geniş tikinti-quruculuq və abadlıq işləri görülüb, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, təbii qazla təminatı, su təchizatı istiqamətlərində iri layihələr həyata keçirilib.
Prezident İlham Əliyevin rayona səfərləri, sakinlərlə görüşləri, qaldırılan məsələlərə böyük diqqət və qayğı ilə yanaşması, bu sahədə reallaşdırılan işlər hər bir zərdablı tərəfindən minnətdarlıqla yad edilir. Hər səfərdən sonra dövlətimizin başçısının müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan ümumilikdə 4 milyon manat vəsait hesabına rayonun sosial-iqtisadi həyatı üçün vacib olan mühüm işlər görülüb.
Zərdabda ümumi sahəsi 1680 kvadratmetr olan Heydər Əliyev Mərkəzi, 2010-cu ildə Kür Çayının daşması nəticəsində ziyan çəkmiş 71 ailə üçün şəhərin "32 hektar" adlanan ərazisində, həmçinin 4 ailə üçün digər yerlərdə yeni evlər tikilib istifadəyə verilib, yeni yaşayış massivində lazımi infrastruktur layihələri həyata keçirilib. Zərdab şəhərinin mərkəzində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 16 mənzilli bina, Veteranlar Evi, Gənclər Mərkəzi inşa edilib, 5 kommunal evin dam örtüyü dəyişdirilib, küçə və dalanlara asfalt örtük çəkilib, işıqlandırma sistemi yenidən qurulub. Bütün bunlardan əlavə Zərdab şəhərində uşaq incəsənət məktəbi üçün 200 yerlik, Çallı, İsaqbağı, Aşağı Seyidlər kəndlərində ümumtəhsil məktəbləri üçün yeni binalar inşa olunub.
Dövlət proqramlarının tələblərinə uyğun olaraq əhalinin su təchizatı ilə əlaqədar mühüm işlər görülüb. Bu müddətdə Ağsu rayonunun Külüllü kəndi ərazisindəki mənbədən çəkilən Külüllü- Zərdab magistral su kəməri istifadəyə verilib. Hazırda bu kəmərlə ötürülən içməli su hesabına Zərdab şəhəri və rayonun Bəyimli qəsəbəsi əhalisinin ehtiyacı ödənilir. Yaxın gələcəkdə kəmərdən daha 14 kəndin sakinləri istifadə edəcəklər.
Bundan əlavə, son 10 ildə rayonun 20 kəndində modul tipli sutəmizləyici qurğu tikilib. Bu qurğular sayəsində hazırda 30 min nəfərdən çox sakin ekoloji cəhətdən təmiz sudan istifadə edir. Eyni zamanda, Kür çayı boyunca 60,7 kilometr məsafədə 8 metr enində sahilbərkitmə işləri aparılıb.
Rayonda kənd yaşayış məntəqələrinin "mavi yanacaq"la təminatı istiqamətində ardıcıl tədbirlər görülür. 2003-cü ildən indiyədək 20-dən çox yaşayış məntəqəsi qazlaşdırılıb. Hazırda 10-dək kənddə bu iş davam etdirilir.
Zərdab rayonunun inkişafından danışarkən son 10 ildə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işləri qeyd etməmək mümkün deyil. Bu müddətdə 26 kilometrlik Zərdab –Mollakənd yolu, Şəftəhal və Aşağı Seyidlər kəndlərinin daxili yolları, "32 hektar" adlanan yeni yaşayış massivi və s. tam asfaltlaşdırılıb.
Hazırda rayonun sosial-iqtisadi inkişafı istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan Prezidentinin 2014-cü il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş, 2014-2018-cü illəri əhatə edəcək yeni Dövlət Proqramında Zərdab rayonunda da həlli vacib işlər və layihələr üzrə perspektivlər müəyyənləşdirilib. Bütövlükdə 13 bölmə üzrə 16 maddədən ibarət bu layihələr rayonun qarşıdakı 5 illik inkişaf dinamikasını əks etdirir. Şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasının davam etdirilməsi, 2 ədəd 50 yerlik körpələr evi-uşaq bağçasının tikintisi, 5 kəndi birləşdirən və 4741 nəfər əhalinin istifadə etdiyi Zərdab-Qaravəlli avtomobil yolunun yenidən qurulması, 8 kənddə poçt şöbəsi üçün yeni binaların tikintisi, kiçik və orta həcmli çörək istehsalı müəssisələrinin yaradılması, aqrar sektorun inkişafına xidmət edən infrastrukturun maddi- texniki bazasının möhkəmləndirilməsi, rayon mərkəzi xəstəxanasının əsaslı təmiri, avadanlıq və inventarla təminatı və s. qarşıdakı 5 ildə görüləcək işlər sırasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB