Cəbhədən xəbərlər necə verilməlidir? SORĞU

Cəbhədən xəbərlər necə verilməlidir? SORĞU

Ermənilərin son günlər cəbhə xəttində həyata keçirdikləri təxribatlar Azərbaycan mediasının manşetinə çevrilib. Bununla yanaşı, atışma nəticəsində həyatını itirən əsgərlərimiz haqqında verilən xəbərlər də gündəmi zəbt edən əsas mövzulardandır. Elə media orqanları var ki, cəbhədə baş verən olayları yalnız onlardan oxumaq olar. Təbii ki, belə xəbərlər həqiqətə söykənəndə daha maraqlı olur. Bu gün cəbhədə baş verən hadisələrin həqiqi olduğuna əmin olmaq üçün Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən xəbərləri oxumaq kifayət edir. Ancaq elə portal və saytlar var ki, şişirdici və həqiqəti özündə əks etdirməyən informasiyalar yayaraq cəmiyyəti çaşdırmaqla özlərinə reytinq qazanmağa çalışırlar.

Ümumiyyətlə, cəbhə xəttində baş verən hadisələrin mətbuat orqanlarında işıqlandırılması qaydaları necə olmalıdır və müharibə şəraitində cəbhə xəbərləri hansı şəkildə verilməlidir? Nəzərə alsaq ki, dezinformasiya yayanlar da az deyil, belə vəziyyətdə təbii ki, mətbuatın üzərinə böyük öhdəliklər düşür. Maraqlıdır, müharibə şəraitində yaşayan ölkənin mətbuatı xəbərləri hansı mövqedən çıxış edərək dərc etməlidir?

SİA bütün bunları nəzərə alaraq media kapitanlarının məsələ ilə bağlı fikirlərini öyrənib. Sorğunun nəticələri isə belədir:

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu: "Hər kəsə məlumdur ki, müharibə vəziyyətində olan ölkədə informasiya xüsusi əhəmiyyət daşıyır. Çünki yanlış, mənbəyi olmayan və həqiqəti özündə əks etdirməyən informasiya cəmiyyətdə fərqli əhval-ruhiyyə yarada bilər. Ona görə də hər bir ölkənin, xüsusilə də Azərbaycanın milli mətbuatı ekstremal vəziyyətdə daha məsuliyyətli olmağı bacarmalı və informasiyaya həssas yanaşmalıdır. Təəssüf ki, bəzi hallarda ayrı-ayrı mətbuat nümunələrinin timsalında bunun şahidi olmuruq. Son günlər baş verən hadisələr zamanı istər yazılı, istərsə də elektron mediada müxtəlif təzahürlər gördük. Bu da heç bir halda ölkənin maraqlarına xidmət etmirdi. Hətta bir neçə gün ərzində virtual məkanda bu günə qədər heç kimə məlum olmayan media orqanları meydana çıxdı. Onların səhifələrində də həqiqətə uyğun olmayan informasiyalar yer alırdı. Bu da o deməkdir ki, ortada 3-cü bir qüvvə var və Azərbaycanın informasiya məkanını idarə etməyə çalışır. Hesab edirəm ki, klassik Azərbaycan mətbuatı bu cür hallardan kənarda durmağı bacarmalı və informasiyanı, məhz milli maraqlardan istifadə etmək üçün yazmalı, etibarlı mənbədən yararlanmağı da bacarmalıdır".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Azərbaycan Silahlı Qüvvələrinin hərbi potensialı, hərbi birləşmələrin dislokasiyası və həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı məlumatlar vahid bir mərkəzdən yayılmalıdır. İndiki şəraitdə bu funksiyanı Müdafiə Nazirliyinin mətbuat xidməti həyata keçirir. Lakin bir neçə nəfərdən ibarət mətbuat xidməti çoxsaylı internet resurslarında yayılan yalan məlumatların və təxribat xarakterli informasiyaların qarşısını almaq gücündə və imkanında deyil.

Bu və ya digər məsələlərlə bağlı Mətbuat Şurasının təşkilatçılığı ilə Müdafiə Nazirliyinin rəhbərliyi və KİV rəhbərlərinin görüşü keçirilmişdi. Orada bir sıra önəmli təkliflər səslənmişdi və düşünürəm ki, bu təkliflər nəzərə alınacaq. Qənaətimə görə, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin tərkibində bilavasitə mətbuatda yayılan xəbərləri təhlil edən peşəkar hərbçilərdən, siyasi şərhçilərdən və media təmsilçilərindən ibarət analitik qrup yaradılmalıdır. Bu sahədə nəzərə çarpan problemləri ictimai qınaqla aradan qaldırmağa çalışsaq, heç bir müsbət dəyişikliyə nail ola bilmərik. Yalan və təxribat xarakterli məlumatlar yayan media orqanlarına qarşı çevik tədbirlər həyata keçirilməli, sərt inzibati və digər cəza növləri tətbiq olunmalıdır".

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Cəbhədə vəziyyətin gərgin olduğu vaxtlarda elə media orqanlarına rast gəldik ki, onlar rəqabətdə çox ucuz bir formada irəliyə getmək xətrinə milyonlarla Azərbaycan vətəndaşının mənafeyini ucuz şəkildə satdılar. Bəzi media orqanları cəbhədəki vəziyyətlə bağlı xəbərlərdə hər kəsi qabaqlamaq prinsipinə əməl edərək, bir çox hallarda Azərbaycana ziyan gətirə biləcək o qədər yalan informasiyalar yaydılar ki, ölkəmizə dəyən ziyanı ölçmək qeyri-mümkündür. Ölkənin müvafiq qurumlarının məsələ ilə bağlı xəbərdar olması da yaxşı haldır".

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli: "Bütün dünya ölkələrində mətbuat nümayəndələrinin hərbi vəziyyətdə necə davranması ilə bağlı praktika mövcuddur. Bu məsələ ən çox qanunvericiliklə tənzimlənir. Ancaq bu tip məsələlərdə qanunvericilikdən daha çox mənəvi yanaşmalar üstün tutulur. Digər Avropa ölkələrinə nəzər yetirsək görərik ki, onların media nümayəndələri dövlətin milli maraqları kontekstindən çıxış edirlər. Hesab edirəm ki, Azərbaycan da həmin ölkələrdən nümunə götürsə, yaxşı olar. Çünki son günlər cəbhədə baş verən gərginlik zamanı ölkənin milli maraqlarından çıxış etmək xüsusi rol oynamalıdır.

Digər tərəfdən 1990-cı illərdə bir neçə rayonların işğal olunmasında, yalan informasiyalarla əhalinin çaşqın düşməsində həqiqətə uyğun olmayan məlumatların yayılmasının mühüm rolu olub. Ona görə də indi də həmin acı təcrübənin yenidən yaşanmasına imkan verməməliyik. Onu da qeyd etməliyəm ki, müstəqillik qazanılan vaxtlarda Azərbaycan jurnalistləri də mərdlik nümayiş etdirib. Onlarla jurnalistlərimiz işğal olunan ərazilərdə peşə fəaliyyətlərini yerinə yetirən zaman həlak olublar. İndiki mətbuat nümayəndələri də ən azından onlardan nümunə götürməyi bacarmalıdır.

Son günlər cəbhə xəttində baş verən gərginliklərin mətbuat orqanlarında yayımlanmasına gəlincə deyə bilərəm ki, qanunvericilik və etik normalar çərçivəsində xəbər yazan mətbuat orqanlarımız var. Lakin bir sıra nüanslar da mövcuddur. Belə ki, son günlər əvvəllər populyar olmayan saytlar (ölkə.az, 365.az, euronews.az və s.) indi meydana çıxmağa başlayıb. Bu kimi xəbər saytları çaşdırıcı xəbər yaymaqla insanlar arasında çaşqınlıq yaratmış olurlar. Təbii ki, bu cəhdlərin qarşısı alınacaq.

Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələ ilə əlaqədar artıq mətbuat nümayəndələrinə müraciət edib. Sədr bəyanatında səsləndirmişdi ki, cəbhədə baş verən hadisələri müvafiq qurumlarla razılaşdırılmış şəkildə yaymaq lazımdır. Adıçəkilən saytlar guya işğal olunan ərazilərin müharibə elan edilməmişdən azad olunduğunu dərc ediblər. Onu da qeyd edim ki, dünəndən başlayaraq Mətbuat Şurası media qurumları ilə bağlı monitorinqlərə start verib və nəticələr yaxın günlərdə ictimaiyyətə elan olunacaq".

P.S. Nəticə olaraq deyə bilərik ki, müharibə şəraitində yaşayan ölkədə əhalinin əhval-ruhiyyəsinin normasında saxlanılması mətbuat nümayəndələrindən asılıdır. Yanlış informasiyalar, etik normalardan kənar göstərilən peşə fəaliyyətidir...

Bütün xəbərlər Facebook səhifəmizdə