Alimlərimiz qrant layihəsi çərçivəsində İtaliyada səfərdə olublar

Alimlərimiz qrant layihəsi çərçivəsində İtaliyada səfərdə olublar

Avropa İttifaqının TEMPUS proqramları çərçivəsində 655 min avro dəyəri olan "Nanotexnologiyaya əsaslanan ekoloji mühəndislik post magistr proqramlarının müasirləşdirilməsi" (ECONANO) qrant layihəsi həyata keçirilir.

Bakı Dövlət Universitetinin (BDU) koordinatorluğu ilə yerinə yetirilən müvafiq layihənin hazırkı mərhələdə vəziyyəti ilə əlaqədar onun Azərbaycan üzrə əlaqələndiricisi, BDU-nun fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və nanoaraşdırmalar laboratoriyasının aparıcı elmi işçisi, dosent İsmət Əhmədov iyulun 22-dən 25-dək İtaliyanın Roma şəhərindəki Sapienza Universitetində elmi ezamiyyətdə olublar.

Bakı Dövlət Universitetindən bildiriblər ki, görüş zamanı Sapienza Universitetinin prorektoru Antonello Biagini Azərbaycan universitetlərinin dünyanın aparıcı ali təhsil müəssisələri ilə birgə mühüm layihənin yerinə yetirməsini uğurlu iş olduğunu vurğulayıb.

Sapienza Universitetinin tarixindən danışan prorektor qeyd edib ki, 700 illik tarixi olan bu təhsil ocağında bir sıra istiqamətlərdə uğurla kadr hazırlığı aparılır.

Prorektor BDU-nun professoru Məhəmmədəli Ramazanova Sapienza Universitetinin xatirə medalını təqdim edib.

Professor Məhəmmədəli Ramazanov ölkəmizdə elm və təhsil sahəsində aparılan islahatların, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyasının əhəmiyyətindən danışaraq bildirib ki, müvafiq layihə də bu inteqrasiyaya xidmət edir.

Sonra layihə iştirakçıları bölmələrdə öz işlərini davam etdirərək layihə komandalarının qarşısında duran bir sıra problemləri müzakirə ediblər. Azərbaycan ali məktəblərinin təhsilin magistr pilləsini bitirmiş 12 nümayəndəsi seçilərək post magistr proqramı üzrə təhsil almaq hüququ qazanıblar. Onlar 4 ay müddətində BDU-da ECONANO istiqamətində nəzəri təhsil alacaqlar və imtahan verəcəklər. Birinci pillədə 30 kredit miqdarında təhsil alan nümayəndələr 3 ay müddətində Avropa universitetlərində (Sapienza, Paris-13, Patras) praktik təhsil alacaqlar. Bütün səfər xərcləri qrant layihəsi çərçivəsində ödəniləcək.

Görüşlərdə Sapienza Universitetindən professorlar Luca Di Palma, Angelio Chianese, Fransanın Parij Universitetindən professor Jean Philippe Passarello, Yunanıstanın Patras Universitetindən Petros Koutsoukos da çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə