Lənkəranda “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı konfrans keçirilib
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi(TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi "Mən fəxr edirəm ki, azərbaycanlıyam" layihəsinin icrasını davam etdirir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, layihə çərçivəsində növbəti görüş avqustun 4-də Lənkəran şəhərində baş tutub. Öncə iştirakçılar son günlər cəbhədə torpaqlarımız uğrunda şəhid olan əsgərlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçisi Yusif Xamiyev gənclərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşıdırılması istiqamətində gördükləri işlərdən danışıb. O, gəncləri azərbaycançılıq məfkurəsini dərindən mənimsəməyə və Heydər Əliyev irsini mükəmməl öyrənməyə çağırıb.
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin(TUMİB) sədri Çingiz Bayramov isə öncə TUMİB-in gənc nəslin təlim-tərbiyyəsi istiqamətində gördüyü işlər barədə iştirakçıları bilgiləndirib. TUMİB sədri bildirib ki, "Mən fəxr edirəm ki, azərbaycanlıyam" layihəsinin icrasına 2013-cü ildən başlanılıb: "Layihənin əhəmiyyətini nəzərə alıb, onun icrasını davam etdirməyə qərar verdik. İndiyə kimi Qazax, Ağstafa, Masallı şəhərlərində yaşayan gənclərin iştirakı ilə tədbirlər keçirmişik. Gənclərin yaradıcılıq imkanlarını üzə çıxarmaq üçün layihə çərçivəsində şeir, mahnı, rəsm və yazı müsabiqələrinin keçirilməsi planlaşdırılır".
Ç.Bayramov da Azərbaycan gənclərini Heydər Əliyev irsini dərindən öyrənməyə çağırıb. TUMİB sədri deyib ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır: "Əgər ulu öndər olmasaydı, bu gün Suriyada, İraqda, Əfqanıstanda və Ukraynada təkrarlanan hadisələr 21 il əvvəl Azərbaycanda baş verəcəkdi. Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını aldı. Məhz ulu öndərin sayəsində Azərbaycan dinamik və dönməz inkişaf yoluna qədəm qoydu. Siz təkcə uzaq deyil, həm də yaxın keçmişdə baş verən bu hadisələrin mahiyyətini öyrənməyə çalışmalısınız. Tariximiz imkan verir ki, biz öz soy-kökümüzlə, keçmişimizlə fəxr edək".
Layihənin eksperti, TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdizadə deyib ki, gənclər yerli donor təşkilatlarına müraciət etməklə fərdi qaydada öz təşəbbüslərini reallaşdıra bilərlər: "Yaxşı olar ki, siz özünüz də bu prosesə qoşulub, həmyaşıdlarınız arasında vətənpərvərlik ideyalarını təbliğ edəsiniz. Azərbaycanın dövlət atributlarını sevmək, təbliğ etmək vətənpərvərlik nümunəsidir. Vətənpərvər olmaq üçün xüsusi qəhrəmanlıq göstərməyə ehtiyac yoxdur. Yaşadığınız küçədə qurumaqda olan bir ağacı sulamaqla da vətənpərvərlik nümunəsi göstərmək mümkündür". Tədbirdə çıxış edən "Palitra" qəzetinin Siyasət şöbəsinin müdiri, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı İlkin Ağayev azərbaycançılıq məfkurəsinə dərindən yiyələnməkdə savadın, Vətən haqqında müfəssəl bilgilərə yiyələnməyin zəruriliyini önə çəkib. Çünki informasiyası, Azərbaycan, onun tarixi və dini xüsüsiyyətləri barədə bilgiləri çox olan hər kəs bütün bu "din" oyunlarının xarici təxribat məkəzlərinin işi olduğunu yaxşı bilir".
Tədbirdə həmçinin Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Nazim Vəliyev və digərləri də mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. Tədbirin sonunda iştirakçılara TUMİB-in fəxri diplomları təqdim olunub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB