Səbailli yeniyetmələr Qubaya istirahətə göndərilib

Səbailli yeniyetmələr Qubaya istirahətə göndərilib

"Sahil bağı"nda Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü, DİN Daxili Qoşunlar Komandanlığı və Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin birgə layihəsi əsasında Beynəlxalq Təhsil Kompleksinin Quba filialının bazasında yaradılan hərbi-vətənpərvərlik təmayüllü, artıq 9-cu dəfə keçirilən "Şahinlər" yay istirahət düşərgəsinə yola salınma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, ənənəvi təşkil olunan düşərgədə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan, ümumilikdə 250-dən çox nəfər yeniyetmə iştirak edir.

Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanıb.

Yolasalma mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan danışıb, uşaqlara şən və yaddaqalan istirahət arzulayıb: "Düşərgənin fəaliyyəti Səbail RİH və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılacaq".

Onun sözlərinə görə, düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq İcra Hakimiyyəti tərəfindən bir sıra təşkilati işlər həyata keçirilib, bir gün əvvəl istirahətə göndərilən uşaqlar və onların valideynləri, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüş keçirərək düşərgə, burada istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə ətraflı məlumat verilib: "Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb, Daxili Qoşunların Qubadakı "N" saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları, səhra yeməkxanası qurulub".

İcra başçısı onu da əlavə edib ki, yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tərbir avqustun 18-dən Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda da təşil olunacaq.

Xatırladaq ki, düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə təbiət qoynunda nahar təşkil olunacaq. Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup düşərgəyə təhkim olunub, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər.

Daxili Qoşunların orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb Qubaya yola düşüblər. Yola düşməzdən əvvəl gənc "Şahinlər" Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə