Avqustun 4-də Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Qaradağ rayon gənclərinin liderlik bacarıqlarının və könüllülük fəaliyyətinin inkişaf etdirilməsi" layihəsinin yekunu ilə bağlı tədbir keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Qaradağ RİH başçısının müavini Təranə İsmayılova qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulun gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. T.İsmayılova dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin avanqard qüvvəsinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Belə ki, hazırda istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar. "Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verir. İnkişaf etmiş ölkələrdə isə gənclər siyasəti pərakəndə formada həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb", - deyə T.İsmayılova qeyd edib.
Daha sonra gənclər layihə ilə bağlı fikirlərini bölüşüblər. Dövlət tərəfindən gənclərə göstərilən xüsusi diqqətdən razılıqlarını bildirərək onlar rayonun və ölkənin ictimai-siyasi həyatında daha fəal və yaxından iştirak edəcəklərini bildiriblər.
Tədbirin sonunda layihədə iştirak etmiş gənclərə sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB