Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Prezident yanında Gənclər Fondunun dəstəyi ilə "Qaradağ rayon gənclərinin liderlik bacarıqlarının və könüllülük fəaliyyətinin inkişaf etdirilməsi" layihəsinin yekunu ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Elnur Qurbanov və Təranə İsmayılova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, "Yeni Nəsil" Gənclər İctimai Birliyinin sədri, layihə rəhbəri Asif Səlimov digər qonaqlar və rayon gəncləri iştirak edib.
İlk öncə tədbirə gələn qonaqlar Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bütün tədbir iştirakçılarını Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından salamlayıb.
O bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulun gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir: "Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Belə ki, hazırda istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar. Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verir. İnkişaf etmiş ölkələrdə isə gənclər siyasəti pərakəndə formada həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb".
Daha sonra layihədə iştirak edən gənclər layihə ilə bağlı fikirlərini bölüşüblər. Dövlət tərəfindən gənclərə göstərilən xüsusi diqqətdən razılıqlarını bildirərək onların hər birində yeni həvəsin yarandığını, ölkəmizin və rayonun ictimai-siyasi həyatında daha fəal və yaxından iştirak edəcəklərinin bildiriblər.
Tədbirin sonunda layihədə iştirak edən gənclərə sertifikatlar təqdim olunub.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB