Şəhid əsgər doğulduğu Masallı rayonunda dəfn edilib

Şəhid əsgər doğulduğu Masallı rayonunda dəfn edilib

Ötən gün Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgər, 19 yaşlı Əli Fətulla oğlu Rəhimovun cənazəsi doğulduğu Masallı rayonuna aparılıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, əsgər doğma kəndləri olan Köçəkli kənd qəbirsanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində yüzlərlə kənd sakini, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Masallı Rayon İcra hakimiyyətinin və yerli hüquq mühafizə orqanı nümayəndələri iştirak ediblər. 19 yaşlı Əli Rəhimovun cənazəsi axşam saatlarında, böyüyüb boya başa çatdığı həyətə gətirilib. Həyətdə şəhidin şərəfinə qarovul düzülüb. Cənazə müsəlman qayda – qanunlarına uyğun olaraq yuyulub və meyitə namaz qılınıb. Son dəfə yaxınları, Əli Rəhimovla vidalaşdıqdan sonra hərbi qarovulun müşayəti ilə cənazə Köçəkli qəbirsanlığına aparılıb. Əli Rəhimov, 1992-ci ilə Qarabağ uğrunda şəhid olan əmisi oğlunun yanında dəfn edilib. Torpağa qoyularkən, yaylım atəşi açılıb.

Qeyd edək ki, Əli Rəhimov bir il öncə Masallı rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmışdı.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə