“1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü” qeyd olundu

“1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü” qeyd olundu

Bu gün Sabunçu rayon İcra Hakimiyyətində "Ana dilimizi sevək, qoruyaq" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri açıq elan edən Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova tədbir iştirakçılarını Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin adından salamlayaraq bildirib ki, Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub: "Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1-i Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində əsl fədakarlıq göstərib. Ana dilinin inkişafı ilə əlaqədar ulu öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də çıxış və məruzələrində, tövsiyələrində vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı".

A. Məmmədova qeyd edib ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır: "İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutub. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi".

Sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məhəmməd Əsədov, YAP Sabunçu rayon təşkilatıın GB sədr müavini Lamiyə Cəlilova, 252 nömrəli tam orta məktəb-liseyin ibtidai sinif müəllimi Sevinc Abbasova, Azərbaycan Respublikası Qadınlar Şurasının Sabunçu rayon təşkilatının sədri Samirə Əjdərzadə və YAP GB fəal üzvü Həsən Hüseynzadə milli varlığımızın əsas atributlarından olan Ana dilimizin millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvəti, millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsi olduğunu bildiriblər.

Tədbir 2013-2014-cü tədris ilinin I sinfini uğurla başa vuran birincilərin ifasında şeir kompozisiyası ilə davam edib. Tədbirin sonunda isə bir sıra müəllim, şagird və fəal gənclərə hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə