Gənclərin məşğulluq problemi müzakirə edildi

Gənclərin məşğulluq problemi müzakirə edildi

Tərtər Rayon İcra Hakimiyyətində ali təhsilli işsiz gənclərlə görüş keçirilib. Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdikləri tədbirdə ali təhsilli gənclərin ixtisaslarına uyğun iş tapmaqda üzləşdikləri problemlər geniş müzakirə olunub.

Çıxış edənlər ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərimizin inkişafı, onların problemlərinin həlli, məşğulluğunun və sağlamlığının təmini istiqamətində görülən işlərdən danışıblar.

Bildirilib ki, bəzi gənclər təhsildən əmək fəaliyyətinə keçərkən bir sıra çətinliklərlə üzləşir. Müxtəlif peşələrə yiyələnmiş gənclərin iş tapa bilməməsinin səbəbi onların idarə və müəssisələrində olan boş iş yerləri barədə, həmçinin dövlət qulluğu, təhsil, səhiyyə və digər sahələrdə işə qəbulun qaydaları ilə bağlı məlumatsız olmalarıdır.

Tədbirdə gənclər rayonun idarə və müəssisələrdə olan vakant iş yerləri ilə bağlı məlumatlandırıldı, onlara ixtisaslarına uyğun iş tapmaq üçün gərəkli məsləhətlər verilib.

Gənclər görüşdən məmnunluqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə