Narkomaniyaya qarşı mübarizəyə hamı cəlb olunmalıdır

Narkomaniyaya qarşı mübarizəyə hamı cəlb olunmalıdır

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının bu ilin birinci yarısında gördüyü işlər müzakirə edilib. Rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanları rəhbərlərinin, ərazi nümayəndələrinin, bələdiyyə sədrlərinin, din xadimlərinin, məktəb direktorlarının, səhiyyə işçilərinin, KİV-in və ictimaiyyətin təmsilçilərinin iştirak etdikləri yığıncaqda komissiyanın katibi Hikmət Xəlilov hesabat məruzəsi dinlənilib.

Qeyd olunub ki, komissiya Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"dan irəli gələn vəzifələrin icrası ilə bağlı müəyyən işlər görüb.

Rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması məqsədilə bir sıra maarifləndirmə işləri görülüb, narkotiklərin insan orqanizminə vurduğu ziyanlar haqqında hüquq mühafizə orqanlarının, rayon mərkəzi xəstəxanasının, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilib.

Narkomaniyaya meylli şəxslərin aşkar olunaraq uçota alınması və onların müalicəsi istiqamətində Masallı Rayon Mərkəzi Xəstəxanasının gördüyü işlər komissiya tərəfindən nəzarətə götürülüb.

Bildirilib ki, rayondakı narkoloji dispanserdə 351 şəxs "narkoman-xəstə" diaqnozu ilə, 71 nəfər isə profilaktiki qeydiyyatda dayanır. Xronik alkoqolizm ilə bağlı 51 nəfər qeydiyyata alınıb. Toksikomaniyaya meylli xəstələri vaxtında aşkar etmək, müalicə və profilaktika tədbirləri həyata keçirmək, güclü təsirə malik dərman preparatlarının yazılması, alınması, saxlanılması, aptek şəbəkəsindən buraxılması komissiya tərəfindən yoxlanılıb.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Masallı Rayon Polis Şöbəsi ilə qarşılıqlı əlaqələrin qurulmasını və əhali arasında maarifləndirmə işinin birgə təşkilini təmin edib.

Diqqətə çatdırılıb ki, 2014-cü ilin altı ayı ərzində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 18 fakt aşkar olunub. Həmin faktlar üzrə ümumilikdə qanunsuz dövriyyədən 990,069 qram narkotik vasitə və 1.805 qram psixotrop dərman preparatları çıxarılıb.

Yığıncaqda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Təhməzov, rayon veteranlar şurasının sədri Məmmədağa Şiriyev, gənclər və idman idarəsinin rəisi Camal Manafov, rayon polis şöbəsi rəisinin müavini Haqverdi Zeynalov və başqaları narkomaniyanın ağır fəsadlarından danışaraq gəncləri və yeniyetmələri pis vərdişlərdən uzaq olmağa səsləyiblər.

Natiqlər "ağ ölüm" adlandırılan və bəşəriyyət üçün ən qorxulu ictimai bəlaya çevrilən narkomaniyanın bu gün dünyanın ən ağır problemlərindən birinə çevrildiyini diqqətə çatdırıblar. Bildirilib ki, bu sahədə görülən işlərlə kifayətlənmək olmaz. Narkomaniyaya qarşı mübarizəyə ictimaiyyətin bütün təbəqələri cəlb olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə