Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" uğurla davam edir. Hər birində 100-ə yaxın fəal gəncin olduğu qruplar Lerik və Oğuz rayonlarında reallaşan seminar-diskussiyalarda, təlimlərdə iştirak edirlər. Ümumilikdə isə avqust ayının 1-dək davam edəcək layihədə 800 gənc iştirak edəcək.
"Yay məktəbi"nin sonuncu günündə Orxan Əhmədovun moderatorluğu ilə YAP Gəncə şəhər təşkilatı GB-in fəalları "Gəncə-Avropa Gənclər Paytaxtı 2016" mövzusunda təqdimat keçirib. Orxan Əhmədov bildirib ki, Gəncə şəhərinin 2016-cı il üçün "Avropa gənclər paytaxtı" seçilməsi Azərbaycanın və Azərbaycan gəncliyinin böyük uğurudur. Avropa gənclər paytaxtının seçimi münsiflər heyəti vasitəsilə müəyyən olunub. Münsiflər heyəti Avropa Gənclər Forumu, Avropa Şurası, Avropa İttifaqı və bir sıra beynəlxalq qurumların nümayəndələrindən təşkil olunub.
O.Əhmədov qeyd edib ki, ilk dəfə "Avropa gənclər paytaxtı" layihəsi 2009-cu ildə həyata keçirilib. Gəncə şəhəri 2016-cı ildə "Avropa gənclər paytaxtı" olmaq üçün Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqəyə qoşularaq Avropanın müxtəlif ölkələrindən olan 12 şəhərlə mübarizə aparıb.
Qeyd edib ki, "Avropa gənclər paytaxtı" seçilən şəhər bir il ərzində gənclər sahəsində həyata keçirdiyi proqram və layihələr haqqında məlumatı Avropa ölkələrinə nümayiş edirmək imkanı qazanır.
Təqdimatda YAP Gəncə şəhər təşkilatı GB-in fəlları tərəfindən hazırlanan "Ganja EYC 2016" flashmobu nümayiş etdirilib. Mövzu gənclər tərəfindən olduqca maraqla qarşılanıb.
Daha sonra YAP fəalı Həbibə Sadıqlının moderatorluğu ilə "Biznes layihələrdə məqsəd və hədəflərin müəyyən edilməsi" mövzusunda təlim keçirilib. Həbibə Sadıqlı layihə anlayışı haqqında auditoriyanın rəyini öyrənib. Sonra müvafiq olaraq sosial, ekoloji və digər layihələrlə biznes layihələri arasındakı fərqləri aydınlaşdırıb.
H.Sadıqlı biznes layihələrdə məqsəd və hədəf anlayışlarını müxtəlif mənbələrə əsaslanaraq izah edib. Daha sonra iştirakçılar 2 komandaya bölünüb və verilən təlimatlara uyğun olaraq tapşırıqlar yerinə yetirilib. Sonda komandaların müxtəlif biznes layihələri üzrə məqsəd və hədəflərə dair təqdimatı keçirilib.
Diskussiya şəklində davam edən təlimlərdə bir daha qeyd olunub ki, ölkəmizin uğurları davamlıdır və bunun şərtləndirən əsas amil düşünülmüş və məqsədyönlü siyasətdir. Gənclər bu siyasətə dəstəklərini biliklərini artırmaq, təcrübələrini təkmilləşdirmək və müxtəlif sahələrdə tətbiq etməklə təsdiqləməyə çalışırlar.
Günün ikinci yarısında gənclərin regiona səfəri olub. Səfər çərçivəsində təşkil olunmuş gəzintidə gənclər regionun maraqlı yerləri ilə tanış olublar. Daha sonra YAP Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi"nin dördüncü turunun bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində bir qrup fəal gəncə fəxri fərmanlar təqdim olunub. Gənclər onlara yaradılan şəraitə görə ölkə prezidenti İlham Əliyevə və YAP-ın İcra Katibliyinə təşəkkürlərini bildiriblər. Bu fikir xüsusi vurğulanıb ki, göstərilən etimadı əməli işləri ilə doğrultmağa çalışacaqlar. Günbəgün qüdrətlənən, zənginləşən, inkişaf edən ölkəmizin uğurlarına töhfə vermək hər bir Azərbaycan gəncinin ən böyük arzusudur.
Sonda xatirə şəkli çəkdirilib.
Cavid Əkbərov, "İki sahil"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB