MŞ sədri: "Bu gün Azərbaycan jurnalistikasında yeni bir mərhələnin əsası qoyulur"
"Bu gün Azərbaycan jurnalistikasında yeni bir mərhələnin əsası qoyulur və bu ildən etibarən jurnalist olmaq istəyən hər bir abituriyent mütləq şəkildə qabiliyyət imtahanından keçəcəck. Mətbuat Şurasının jurnalistika fakültələrində apardığı monitorinqlərin nəticəsi onu göstərirdi ki, təhsil alanların əksəriyyəti təsadüf nəticəsində bu ixtisası seçirdilər". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı komissiyasının sədri Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, elə bu səbəbdən də həmin tələbələr sonradan jurnalistika sahəsi ilə deyil, tamam başqa işlə məşğul olurlar: "Bu da təbii ki, mətbuatda lazımlı kadrların hazırlanmasında müəyyən problemlərə gətirib çıxarır. Ona görə də jurnalistlərin qabiliyyət imtahanı verməsi məsələsi gündəmə gəldi. Bütün bunları nəzərə alıb, ötən ilin noyabrın 24-də Prezident İlham Əliyevlə görüşdə mövcud problemi qaldırdıq və müsbət rəy aldıq. Bunun nəticəsi olaraq da bu gün bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirildi. Artıq magistratura mərhələsində jurnalistlərin qabiliyyət imtahanı verməsi məsələsi həll olunub. Təbii ki, proses bundan sonrakı vaxtlarda ardıcıl şəkildə həyata keçiriləcək".
Əflatun Amaşov eyni zamanda qeyd edib ki, abituriyentlər bakalavriat səviyyəsinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində təqdim olunan mövzu üzrə inşa (esse) yazıblar.
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı komissiyasının üzvü Vüqar Rəhimzadə isə deyib ki, qabiliyyət imtahanı daha yaradıcı gənc kadrların üzə çıxmasına şərait yaradacaq: "Bu gün jurnalistika tarixində ən yadda qalan hadisələrdən biri olacaq. Jurnalistika elə bir sahədir ki, burada xüsusi istedad, daxili yaradıcılıq tələb edilir".
Qeyd edək ki, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib. Bu mərhələdə cari ilin aprelin 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edirlər. imtahan Bakı və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi şəhərlərdə - Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan və Xaçmazda təşkil olunub. İmtahan 2 saat 30 dəqiqə müddətində aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB