İyulun 30-da Makedoniya Respublikasının Prezidenti George İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovu qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, qəbul zamanı Prezident George İvanova 2014-cü ilin aprel tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Müştərək Cəmiyyətlər Forumunda müzakirə olunan mövzular və Forumun nəticələri barədə geniş məlumat verilib. Bununla yanaşı, Forumun davamı olaraq növbəti mərhələdə görüləcək işlər Makedoniya Prezidentinin diqqətinə çatdırılıb.
Prezident George İvanov dünyada stereotiplərin, yoxsulluğun, ayrı-seçkiliyin mövcudluğunu nəzərə alaraq, bu problemlərin aradan qaldırılmasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və onun yaratdığı şəbəkənin reallaşdırdığı toplantıların son dərəcə vacib olduğunu bildirib.
Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun Andorrada hazırladıqları sayca üçüncü olan Ali Qrup Toplantısı və 2015-ci ildə nəzərdə tutulan III Qlobal Müştərək Cəmiyyətlər Forumu haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, Müştərək Cəmiyyətlər Forumu artıq nüfuzlu beynəlxalq təşəbbüsə çevrilərək, dünyanın bir çox ölkələrinin sabiq dövlət və hökumət başçılarının çox vacib müzakirələrin apara bilinəcəyi qlobal platforma rolunda çıxış edir. Belə ki, 2013-2014-cü illərdə keçirilən forumlarda toplam olaraq dünyanın 51 ölkəsindən 60-dan çox sabiq ölkə və hökumət başçıları iştirak edib.
Forumda iştirak üçün dəvəti qəbul edən Prezident George İvanov bu təşəbbüsün qlobal müstəviyə çıxmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi dəstək və diqqətin mühüm rolu olduğunu vurğulayaraq Azərbaycan Respublikası ilə Makedoniya Respublikası arasında əməkdaşlığa xüsusi önəm verildiyini bildirmişdir.
Görüş zamanı Prezident İvanovun təşəbbüsü olan Gənc Liderlər Məktəbi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq müqaviləsinin imzalanması razılaşdırılmışdır. Yaxın vaxtlarda hər iki qurum birgə beynəlxalq layihələrin reallaşdırılmasına da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB