Sabunçu Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə həyata keçirdiyi "Öyrən, İdarə et, Lider ol" mövzusunda təlim kursu uğurla başa çatıb. SİA-nın məlumatına görə, təlim kursunun keçirilməsində əsas məqsəd uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, liderlik keyfiyyətlərinin inkişafı, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsidir. Təlim proqramı çərçivəsində məktəblilər üçün maraqlı ekskursiyalar da təşkil olunub. Belə ki, təlim iştirakçıları iyul ayının 23-də "Cinema City" əyləncə mərkəzini, 25 iyul tarixində isə "Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu" ərazisində yerləşən bir neçə muzey-kompleksini ziyarət ediblər. Ekskursiya zamanı məktəblilərin böyük marağına səbəb olan "Arxeoloji Etnoqrafik Muzey" haqqında məlumat verilib ki, muzey-kompleks 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə yaradılan hələlik yeganə etno-turizm obyekti sayılır.
Təlim kursunun yekunu olaraq 25 iyul 2014-cü il tarixində Rayon İcra Hakimiyyətinin akt zalında təltifetmə mərasimi keçirilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli, təlim müəllimləri, məktəb direktorları, şagird və valideynlər iştirak ediblər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova tədbirdə çıxış edərək təlim kursunun uğurla başa çatması münasibətilə məktəbliləri təbrik etdi və yeniyetmə uşaqlarda olan potensialların inkişafında onlara dəstək olmaq, onlarda özlərinə, öz bacarıq və qabiliyyətlərinə inam hissini formalaşdırmağın vacibliyinindən söhbət açıb. A.Məmmədova qeyd edib ki, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı və Azərbaycan xalqının ümummilli lideri olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, təlimin məqsədi eyni zamanda gənc liderlərin üzə çıxarılması və vətəndaş cəmiyyətinin düzgün inkişaf etdirilməsindən ibarətdir.
Sonra bir neçə məktəbli təlim haqqında öz fikirlərini və təəsuratlarını dilə gətirərək təlimin ərsiyyə gəlməsində Sabunçu Rayon İcra Hakimiyyətinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə öz təşəkkürlərini bildiriblər.
Sonda 25 nəfər təlim iştirakçılarının hər birisinə sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB