Gənclər arasında qanvermə aksiyası keçirilib

Gənclər arasında qanvermə aksiyası keçirilib

Gənclər üçün Təhsil Mərkəzi 2014-cü il iyulun 29-da Ramazan bayramı münasibətilə Samux və Gəncə şəhərindən olan gənclərin iştirakı ilə gənclər arasında qanvermə aksiyası həyata keçirib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, aksiyanı giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə donorları salamlayıb və bildirib ki, bu gün aksiya iştirakçıları simasında Azərbaycanda qürur duyulası gənclik yetişir.

Onun sözlərinə görə, bu gün öz qanını həmvətənləri ilə bölüşməyə hazır olan gənclik sabah ölkənin ərazi bütövlüyü uğrunda istənilən fədakarlığa imza atacaq: "Çünki onların gözlərindəki vətəndaş və ölkə sevgisi hər şeydən alidir".

Qanvermə aksiyasının keçirilməsində əsas məqsəd isti yay günlərinin, həmçinin Ramazan ayı ilə əlaqədar olaraq Mərkəzi Qan Bankının Gəncə şəhəri bölməsində hemofiliyalı və talassemiyalı xəstələrin qan ehtiyaclarını ödəmək üçün yaranan qan çatışmazlığının qismən aradan qaldırılmasıdır. Aksiya çərçivəsində 80 nəfərdən çox donorun iştirakı ilə ümumilikdə 16 litr qan toplanaraq Mərkəzi Qan Bankının Gəncə bölməsinə təhvil verilib. Qanvermə aksiyası həmçinin region gənclərinin sağlamlıq məsələlərinə diqqət artırmağı, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işlərinin aparılmasını, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək verməyi, o cümlədən gənclər arasında sağlam əməkdaşlıq imkanları yaratmağı nəzərdə tutub.

Qeyd edək ki, qanvermə aksiyası "Pendik Ana Okulu " Elitar Uşaq İnkişaf Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə