Lerikdə “Gənc liderlər” “Relax”a futbol dərsi keçdilər

Gərgin mübarizə şəraitində keçən yarışma 6 : 1 hesabı ilə YAP gənclərinin xeyrinə başa çatdı
Lerikdə “Gənc liderlər” “Relax”a futbol dərsi keçdilər

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Lerik rayonunda təşkil etdiyi "Gənc liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin dördüncü turu uğurla davam edir. SİA-nın verdiyi məlumata görə, layihə çərçivəsində, iyulun 29-da, günün ikinci yarısında , qrup rəhbərliyinin müəyyənləşdirdiyi plana uyğun olaraq, gənclərin asudə vaxtının səmərəli təşkil olunması baxımından müxəlif idman yarışları təşkil olunub. Gənclər qruplara bölünərək paintboll, stolüstü tenis, futbol, üzgüçülük və digər idman növlərində qüvvələrini sınayıblar.

Çingiz İsmayılovun təşkilatçılığı ilə keçirilən mini-futbol turniri isə nəinki gənclər, eləcə də "Relax" istirahət mərkəzində dincələn turistlər tərəfindən də maraqla izlənilib. Belə ki, qarşılaşmada Yeni Azərbaycan Partiyasının gənc fəallarından ibarət "Gənc liderlər" və istirahət mərkəzinin əməkdaşlarından ibarət "Relax" komandaları üz-üzə gəliblər. Yarışı seyr edənlər arasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Lerik IV tur qrupunun rəhbəri, YAP Siyasi Şurasının üzvü və partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və YAP İcra Katiblyinin İşlər İdarəsinin müdiri Mahir Abbasəliyev də yer alıblar.

"Gənc liderlər" komandasının heyətində Elvin Əzizov, Əlizamın Yusifli, İlqar Həmzəyev, Səxavət Yusifli, Ramil Vəlibəyov, Rafael Məmmədov və Mustafa İsmayılov meydançaya çıxıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın birinci hissəsi 2-1 hesabı ilə "YAP"çı gənclərin xeyrinə başa çatıb. "Qonaq"lardan Ramil Vəlibəyov və Əlizamın Yusifli fərqləniblər. "Yerli"lərdən isə Muxtar Məmmədov aktivlik nümayiş etdirib və hesab arasındakı fərqi azaltmağa müvəffəq olub.

Fasilədən sonra qarşılaşma "qonaqlar"ın tam üstünlüyü şəraitində keçib. Meydançanın bütün hissələrində rəqiblərindən daha üstün oyun nümayiş etdirən "Gənc liderlər" hesablarına daha dörd cavabsız top yazdıra biliblər. Rəqib komandanın qapısına qolları Elvin Əzizov, İlqar Həmzəyev, Səxavət Yusifli və Rafael Məmmədov atıblar. Beləliklə qarşılaşma 6:1 hesabı ilə "Gənc liderlər" komandasının xeyrinə başa çatıb.

Sonda qarşılaşmada fərqlənən gənclərə, eləcə də "Relax" komandasının üzvlərinə YAP Gənclər Birliyi adından xatirə hədiyyələri təqdim olunub.

Səlim Loğmanoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə