“Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır”

Astarada konfrans keçirilib
“Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır”

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Astara rayonunda "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda konfrans keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Konfransı giriş sözü ilə açan DİN Baş İctimai Təhlükəsizlik idarəsinin rəis müavini, polis polkovnik- leytenantı Hikmət Eyvazov ölkəmizin dini və milli tolerantlıq baxımından qonşu dövlətlər arasında liderlik etdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə digər dinlərin daşıyıcısı olan xeyli sayda millət yaşayır, bu istiqamətdə ümumilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Hazırda ölkə başçı İlham Əliyevin milli – mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirtdiyi dövlət tədbirləri buna sübutdur. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Bu isə Azərbaycanın milli – mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olan məsələdir. Hikmət Eyvazov radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı – ayrı şəxslər tərəfindən dini ayrı-seçkilik və ədavətin salınmamasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi və digər bu kimi halların DİN tərəfindən daim diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Astara rayon polis şöbəsinin rəisi, polis polkovniki Adil Həsənov çıxış edərək, rayon ərazisində hər bir şəxsin konstitusion hüquq və azadlıqlarının, o cümlədən dini etiqad və əqidə azadlığının tam təmin olunduğunu, qanunvericilik aktlarının tələblərini pozanlara qarşı isə ciddi mübarizə tədbirlərinin aparıldığı barədə məlumat verib.

Konfransda çıxış edən digər məruzəçilər, Azərbaycanda dini sahədə maarifləndirmə işi ilə bağlı bu cür konfransların mütəmadi keçirilməsinin zəruriliyini qeyd ediblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə