Goranboyda pilot layihə hazırlanır

Goranboyda pilot layihə hazırlanır

Goranboy rayonunun iki kəndində alternativ və bərpa olunan enerjidən istifadə olunması ilə bağlı pilot layihə həyata keçirilir. Artıq bu istiqamətdə həm hökümət, həm də qeyri-hökümət təşkilatları müxtəlif pilot layihələr həyata keçirirlər. SİA-nın bölgə müxbirinin xəbərinə görə, bu layihə prezident yanında QHT-lərə Dəstək Şurasının maliyə dəstəyi ilə "Ekoloji-Renesans" İctimai Birliyi Goranboy rayonunun Qurbanzadə və Qazaxyolçular kəndində həyata keçirİLir. Layihənin əsas məqsədi günəş enerjisindən istifadə etməklə məişət suyunun qızdırılmasıdır. Sınaq məqsədi ilə günəş batareyası ilk olaraq 10 evdə quraşdırılıb və sınaq uğurla başa çatıb.

"Qurğu günəş enerjisini istilik enerjisinə çevirən kollektordan və su çənindən ibarətdir. 2 kv metr olan kollektor 150-200 litr suyu qızdırmaq üçün nəzərdə tutulur. Qeyd edim ki, hətta yay aylarında su 80 dərəcəyə qədər qızdırılır. Qış aylarında isə 40-45 dərəcəyə qədər isti su əldə etmək mümkündür" - deyə, "Ekoloji-Renesans" İctimai Birliyinin sədri İrşad Abbasov bildirib.

Qeyd edək ki, layihə özünü doğruldacağı halda ayrılan vəsait hesabına quraşdırılan günəş batareyalarının coğrafi ərazisinin genişləndirilməsi nəzərdə tutulur.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə