“Sələflər və xələflər” mövzusunda beynəlxalq konfrans keçiriləcək

“Sələflər və xələflər” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda oktyabrın 22-dən 25-dək Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 və akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunmuş "Sələflər və xələflər" mövzusunda birinci Beynəlxalq konfrans keçiriləcək. Qurumdan SİA-ya verilən məlumata görə, iki ildən bir keçiriləcək beynəlxalq konfransın əsas məqsədi türk dünyasının görkəmli dilçi alimlərini xatırlamaq və onların məşğul olduqları problemlərdən bəhs etməklə bu insanları yeni nəslə tanıtmaqdır. Bu unudulmaz şəxsiyyətlərin adı ilə türk dünyasının müxtəlif nəsillərdən olan nümayəndələrini, xüsusilə gənc dilçi mütəxəssisləri Azərbaycanın paytaxtı Bakıda bir araya gətirmək, onları sələflərin elmi irsi ilə tanış etmək, xələflərlə görüşdürmək, gənclərə həmyaşıdları ilə ünsiyyət yaratmaq, təcrübə mübadiləsi aparmaq, mənsub olduqları xalqın, ölkənin elmini, mədəniyyətini, milli dəyərlərini dünyaya təqdim etmək fürsəti vermək, beynəlxalq əməkdaşlığı genişləndirmək də konfransın məqsədləri sırasına daxildir.

Qeyd edilib ki, 150 illik yubileyi dövlət səviyyəsində keçirilən, Azərbaycanın müstəqillik tarixində imzası olan – Əli bəy Hüseynzadənin həyat və yaradıcılığının, ədəbi irsinin gənclər üçün önəm kəsb etdiyini nəzərə alaraq, müxtəlif problemlərlə yanaşı, üç günlük beynəlxalq konfransın bir günü ortaq tariximiz, dinimiz, mədəniyyətimiz və ortaq gələcəyimizi nümayiş etdirəcək "Əli bəy Hüseynzadə günü" olacaq.

Bildirilib konfransda yad ediləcək digər sələfimiz 105 illik yubileyini keçirməyə hazırlaşdığımız görkəmli türkoloq, əvəzsiz dialektoloq, unudulmaz müəllim, akademik Məmmədağa Şirəliyev olacaqdır. Məhz onun uzun müddət rəhbərlik etdiyi Nəsimi adına Dilçilik İnstitutunda elm adamları ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edən, türkün tərəqqisi naminə bütün varlığı ilə çarpışan Əli bəy Hüseynzadənin nurlu ideyalarının işığına toplaşacaq, onların əziz xatirəsini məhəbbətlə yad edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə