Almaniyanın Azərbaycandakı səfiri Qəbələdə olub

Almaniyanın Azərbaycandakı səfiri Qəbələdə olub

Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel Qəbələdə olub. Şəhər icra hakimiyyətində keçirilən görüşdə səfirə Qəbələnin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə məlumat verilib.

Görüşdə füsunkar təbiətə malik Qəbələnin beynəlxalq və iri miqyaslı tədbirlərə ev sahibliyi etdiyi, respublikamızın turizm infrastrukturunda yüksək nəticələrin əldə olunmasında rayonunun xüsusi yeri olduğu diqqətinə çatdırılıb.

Bildirilib ki, turizm sektoru ilə yanaşı, burada yaradılan yeni istehsal müəssisələri də rayonunun iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır.

Ölkəmizin sosial-iqtisadi inkişafı ilə yaxından tanış olduğunu söyləyən səfir Haydrun Tempel Azərbaycanın Avropaya uğurlu inteqrasiyasından söz açıb.

Qarşılıqlı əməkdaşlığın xallar arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsində mühüm rol oynadığını bildirən diplomat tərəflər arasında təcrübə mübadiləsinin təmin edilməsinə səfirliyin hər zaman hazır olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı, turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Qonaqpərvərliyə, ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edən səfir Qəbələ VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən konsertə tamaşa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə