Ukraynada akademik Zərifə Əliyeva adına Elmi-Tibbi Kitabxananın təqdimatı olub
İyulun 26-da Ukraynanın paytaxtı Kiyev şəhərində akademik Zərifə Əliyeva adına Elmi-Tibbi Kitabxananın təqdimatı olub. Kitabxananın yaradılmasının təşəbbüsçüsü və təsisçisi Kiyevdə fəaliyyət göstərən akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzidir.
Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, əslən azərbaycanlı, tibb elmləri doktoru, professor Aydın Salmanov azərtac-a müsahibəsində deyib ki, kitabxanada Azərbaycan alimlərinin elmi əsərləri geniş təqdim olunacaqdır. Bu, oxucuların tibb sahəsində bizim alimlərimizin Azərbaycan, Ukrayna, ingilis, rus dillərində, eləcə də başqa dillərdə nəşr edilmiş elmi tədqiqatları ilə tanış olmasına imkan verəcəkdir.
Kitabxana Azərbaycan alimlərinin tibb üzrə xarici ölkələrdə yaratdıqları ilk elmi ədəbiyyat depozitarisi olacaqdır. Onun fəaliyyəti informasiya resurslarının formalaşdırılmasına və qorunub saxlanmasına, alimlərin, tələbələrin, aspirantların və tibb üzrə mütəxəssislərin, kitabxana-biblioqrafiya tələbatının ödənilməsinə, informasiya təminatına, tibb sahəsində elmi tədqiqatların və araşdırmaların həyata keçirilməsinə kömək göstərilməsinə yönəldilib.
Professor Aydın Salmanovun sözlərinə görə, hazırda kitabxana fondunda 1000-dən çox sənəd, o cümlədən elektron daşıyıcılarda sənədlər vardır. Onların sayı daim artacaqdır.
Kitabxananın fondundakı sənədlərdən istifadə imkanı onların avtomatik sifarişinə imkan verən operativ informasiya axtarışını təmin edən elektron kataloq vasitəsilə həyata keçirilir. Yaxın vaxtlarda İnternet şəbəkəsində akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin saytında elektron kataloqa giriş açıq olacaqdır.
Bundan başqa, kitabxana öz istifadəçilərinə telekommunikasiya rabitə vasitələrinin köməyi ilə Azərbaycan, Ukrayna və beynəlxalq informasiya ehtiyatlarından yararlanmaq imkanı verəcəkdir.
Eyni zamanda, kitabxana dövri nəşrlərin korporativ analitik siyahısı üzrə Beynəlxalq Tibbi Kitabxanalar Konsorsiumunun fəal iştirakçısı və tibbi kitabxanalara yardım üzrə qeyri-kommersiya tərəfdaşlığının üzvü olacaqdır.
İstifadəçilərə qiraət zalları sistemi və abonement vasitəsilə xidmət göstəriləcəkdir.
Uzaqda olan istifadəçilərə kitabxanalararası abonement, sənədləri elektron çatdırma xidməti və virtual məlumat bölməsi xidmət göstərəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB