İki sərhəd gözətçi gəmisinin inşası başa çatıb

İki sərhəd gözətçi gəmisinin inşası başa çatıb

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası"na əsasən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifələrin icrası, o cümlədən Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsi sahələrində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, bu sırada Xidmətin Sahil Mühafizəsinin Bakının Türkan qəsəbəsindəki bazasında yeni gəmi inşası zavodunun istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Artıq bu zavodun imkanları hesabına DSX-nin Sahil Mühafizəsi üçün itisürətli və yüksək üzmə qabiliyyətli 3-cü dərəcəli iki sərhəd gözətçi gəmisinin inşası başa çatıb. Mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığının quraşdırıldığı, Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən sərhəd gözətçi gəmiləri müasir silahlarla təchiz edilib. Xəzər dənizinin Azərbaycana aid olan hissəsində dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı yeni gəmilərin imkanlarından geniş istifadə ediləcək.

Hazırda 100-dək mütəxəssisin işlə təmin olunduğu zavodda yeni 2-ci dərəcəli sərhəd gözətçi gəmilərinin inşasına başlanıb. Yaxın müddətdə zavodun imkanları hesabına DSX-nin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tam yenilənməsinə və nəticə etibarilə sərhəd sularında dövlət maraqlarının qorunması imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə nail olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə