Nəhayət ki, ali məktəblərə qəbul imtahanları yekunlaşdı və iyulun 24-dən etibarən orta, eləcə də yüksək nəticə göstərən abituriyentlərin ixtisas seçiminə start verildi. Bütün həyəcanlar geridə qaldı, lakin bu il də aşağı nəticə göstərən şagirdlərin sayında yenə də acınacaqlı vəziyyət müşahidə olundu. SİA-nın xəbərinə görə, Tələbə qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfranslarının əksəriyyətində orta təhsil müəssisələrində təhsilin aşağı olmasından gileylənirdi. O, hətta əvvəlki illərin məzunlarının bu il də demək olar ki, eyni nəticəni göstərdiyini deyirdi.
Onun sözlərinə görə, 2012-ci ildə 9-cu sinifdə buraxılış imtahanında Ana dilindən iki qiyməti alanların sayı 19-20 faiz olub: "Bu il 11-ci sinif məzunu olan həmin şagirdlərin 16 faizi Ana dilindən "iki" qiyməti alıb. 2012-ci ildə riyaziyyatdan iki alanların sayı 32 faiz olduğu halda, hazırda bu göstərici 19-20 faizdir: "Bu faizin azalması bizi aldatmamalıdır. Bu uşaqların bir qismi məktəbi tərk edib. Eyni zamanda 2012-ci ildə 9-cu sinif üzrə buraxılış imtahanda iki alan və bu il XI sinif üzrə buraxılış imtahanında iştirak edənlərin 45 faizi ana dilindən yenidən "iki" qiyməti alıb".
M.Abbaszadə onu da bildirib ki, 2012-ci ildə 9-cu siniflər üzrə keçirilən buraxılış imtahanında riyaziyyatdan "2" alan şagirdlərin 42 faizi bu il 11-ci sinif üzrə keçirilən buraxılış imtahanında da eyni nəticəni göstərib.
Bütün bu rəqəmlər onu göstərir ki, hələ də məktəblərdə vəziyyət elə də ürəkaçan deyil. Nəzərə alsaq ki, builki qəbul imtahanlarında ən yüksək- 700 balı toplayan tələbələrin əksəriyyəti lisey məzunlarıdır. Bu göstərici hər il demək olar ki, təkrarlanır. Müxtəlif liseylərin məzunlarından I və IV ixtisas qrupları üzrə 7 nəfər, II qrup üzrə isə cəmi 2 nəfər ən yüksək nəticəni göstərib.
Təbii ki, Azərbaycan üzrə ən yüksək bal toplayan abituriyentlərin sayının az olması heç də xoş olan hal deyil. Qəbul imtahanında yüksək bal göstərənlərin azlıq təşkil etməsinə baxmayaraq, əksini, yəni aşağı nəticə göstərənlərin sayında kifayət qədər çoxluq var. Elə bunları nəzərə alan TQDK hər il keçid ballarını aşağı salır. Elə bu il də I, II, III və IV ixtisas qrupları üzrə keçid balları aşağı salındı. Xatırladaq ki, I, II, IV qrupların keçid balı bu il üçün 150, III qrupun keçid balı isə 200-ə salınıb.
TQDK-da çalışan işçidən 100 baldan aşağı nəticə göstərən abituriyentlərin statistik göstəricilərini istədikdə cavab belə oldu: "Hazırda qurumun mütəxəssisləri bununla bağlı araşdırma aparır və yaxın günlərdə ictimaiyyətə geniş məlumat veriləcək".
Mövcud problemlə bağlı təhsil eksperti Şahlar Əsgərovun da fikirlərini öyrəndik. Ekspert SİA-ya açıqlamasında dedi ki, hər il balların aşağı salınması təhsil sahəsinin lazımi səviyyədə inkişaf etməməsindən xəbər verir: "Təhsil öz yerində durmur və səviyyə ilbəil aşağı düşür. Bu da o deməkdir ki, təhsilimiz uçuruma gedir. Deməli təhsildə vəziyyət ürəkaçan deyil. Buna görə də həyəcan təbili çalınmalıdır. Təhsillə bağlı ya Nazirlik, ya da Yeni Azərbaycan Partiyasının tərkibindəki Təhsil komissiyasının təşəbbüsü ilə diskussiyalar təşkil etmək lazımdır. Əgər problemin həlli istiqamətində heç bir iş görülməsə, o zaman 3 ildən sonra vəziyyət daha acınacaqlı olacaq. 5 ildən sonra isə ali məktəblər boş qalacaq".
O həmçinin qeyd edib ki, təhsil sahəsindəki bu "xəstəliyi" ciddi qəbul etmək lazımdır: "Azərbaycanda təhsilini ölümün pəncəsindən qurtarmaq lazımdır".
Qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin məhz lisey məzunları olması məsələsinə də aydınlıq gətirən ekspert əlavə edib ki, 4500 Azərbaycan məktəbləri 13 özəl liseylərin göstərdiyi nəticələri göstərə bilmir: "Nəzərə alsaq ki, dövlət 4500 məktəbə vəsait ayırır, ancaq ortada heç bir yüksək nəticə yoxdur. Amma cəmiyyətdən maliyyələşən özəl liseylərdə nəticələr daha ürəkaçan olur. Bəyəm cəmiyyətin pulu dövlətin pulundan daha müqəddəsdir? Deməli idarəetmədə qüsur var. Odur ki, həmin qüsurları tapmaq üçün müvafiq qurumlar təcili şəkildə həyəcan təbilini çalmalıdır".
"Müəllimlərin sınaq qiymətləndirilməsi təhsil sistemində heç nəyi dəyişə bilməz. Bu addım sadəcə mövcud sistem haqqında müəyyən təsəvvür yaratmış oldu. Bu proses bir daha göstərdi ki, orta məktəblərdə dərs deyən müəllimlərin savadı auditoriya qarşısına çıxa biləcək iqtidarında deyil. Bunun səbəbi də çoxdur. Misal olaraq, tanışlıq vasitəsi ilə savadsız kadrın məktəbdə çalışması, pedaqoji ixtisaslara qəbulun daha asan olması əsas səbəbdir"- deyə Şahlar Əsgərov məsələ ilə bağlı fikirlərinə əlavə edib.
O eyni zamanda məktəblərdəki vəziyyətə misal da çəkdi: "Məktəbi maşın kimi təsəvvür edin, direktor isə sürücüdür. Əgər maşın hərəkət etmirsə, deməli ya maşın xarabdır, ya da sürücü maşını idarə edə bilmir. Yaxud da maşına tökülən benzin əvəzinə su tökülür. Təbii ki, belə olduğu təqdirdə maşın işləməz".
Azərbaycan cəmiyyətinin təhsilə biganə yanaşdığını deyən təhsil eksperti fikirlərinə əlavə edib ki, sanki insanların təhsilin qüdrətindən xəbəri yoxdur: "Lakin təhsil sahəsi o qədər qüdrətli silahdır ki, dünyadakı bütün konfliktlərə də son qoya bilər. Təbii ki, yüksək təhsildən söhbət gedir. Hər kəs çalışır ki, bu sahədən pul qazansın. Yaxşı olardı ki, təhsildən pul qazanmaq yox, əksinə bu sahəyə daha çox maliyyə yatırsınlar. Belə olduğu təqdirdə Azərbaycan cəmiyyəti düzələr".
"Abituriyentlərin imtahanlarda aşağı nəticə göstərmələrinə səbəb nədir" sualına cavab tapmaq üçün vətəndaşlar arasında sorğu da apardıq. Çoxluğun cavabı belə oldu ki, şagirdlər arasında savadsızlıq hökm sürür.
Bir neçə il bundan əvvəl məzun olan vətəndaş Elvin Abdulqədirov deyir ki, universitetlərin ballarının aşağı salınması abituriyentlərin bilik səviyyəsinin zəif olması ilə əlaqədardır: "Problem təhsillə bağlı deyil, çünki müəllim dərs keçir, ancaq şagird qulaq asmır. Onsuzda müəllim oxuduğunu oxuyub, bundan sonra şagird öyrənmək istəsin. Balların aşağı salınması təhsilin səviyyəsinə də öz mənfi təsirini göstərmiş sayılacaq. Savadsız kadr yetişdirməyin nə adı var? Ən yaxşısı peşə məktəbləri açmaq lazımdır".
Digər məzun olmuş vətəndaş Məlahət Nuriyevanın fikirləri isə fərqli oldu. Belə ki, hər şey zəncirvari şəkildə baş verir: "İmtahanlarda aşağı bal toplayıb müəllimlik ixtisasına yiyələnən gənc sonradan hər hansı bir məktəbdə tanışlıq yolu ilə müəllim kimi çalışır və şagirdlərə dərs keçir. Belə müəllimin hazırladığı abituriyent imtahanlarda necə yüksək nəticə göstərə bilər? Müəllimlərin yanına hazırlığa getmək şagirdləri daha da tənbəlləşdirir".
Lisey uşaqlarının yüksək nəticə göstərməsi məsələsinə gəlincə M.Nuriyeva əlavə edib ki, həmin təhsil ocaqlarında tədris ödənişli olduğundan valideynlər daha tələbkar olur: "Eyni zamanda həmin təhsil ocaqlarında daha savadlı kadrlar çalışır və yüksək maaş alırlar".
Abituriyentlər arasında aşağı göstəricilərin olması və qruplar üzrə balların aşağı salınması təhsilin inkişafına təbii ki, mənfi təsir göstərəcək. Aidiyyəti qurumlardan mövcud problemlərin aradan qaldırılması istiqamətində hansı tədbirlərin görülməsinin lazım olduğunu soruşmaq istədik, lakin cəhdlərim heç də bizim istədiyimiz kimi olmadı.
Belə ki, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov isə dedi ki, rəhbərlik etdiyi qurum ancaq orta ixtisas müəssisələrindəki problemlərlə maraqlanır. O eyni zamanda qeyd etdi ki, məsələ ilə bağlı Təhsil Nazirliyindən icazə alındıqdan sonra lazım olan eksperti redaksiyamıza yönləndirə bilər. Bir sözlə, bu cəhdimiz də boşa çıxmış oldu.
Ancaq nəzər yetirmək lazımdır ki, şagirdlərin aşağı nəticə göstərməsi elə onların orta məktəbdəki təhsilinin aşağı olması ilə əlaqədardır.
Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı sualımıza sentyabrın birinci yarısından sonra cavab verə biləcəyini dedi. Onun sözlərinə görə, TQDK məktəblər üzrə şagirdlərin aşağı səviyyəsinin statistik göstəricisini Nazirliyə təqdim etməlidir. Bundan sonra Nazirlik müvafiq araşdırma aparacaq və lazım olan cavab rəsmi şəkildə açıqlanacaq.
Nəticə olaraq mövzu ilə bağlı araşdırmamızın yekununda ortaq bir nöqtədə dayana bilmədik, çünki aidiyyəti qurumlar suallarımıza cavab verməkdən boyun qaçırdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB