Azərbaycanda dinlərarası münasibətlər ən yüksək səviyyədədir

Azərbaycanda dinlərarası münasibətlər ən yüksək səviyyədədir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı Lerik rayonunda qurum tərəfindən təşkil olunmuş iftar süfrəsində din xadimləri, ağsaqqallar və ziyalılarla görüşüb.

Komitənin mətbuat xidmətindən bildiriblər ki, görüşdə dövlət-din münasibətlərindən danışan S.Salahlı hər bir Azərbaycan vətəndaşının ümummilli məsələlərdə birlik nümayiş etdirməli, ölkəmizin inkişafı naminə çalışmalı olduğunu söyləyib. Bildirib ki, ölkə dindarları da milli mənəvi dəyərlərin qorunması üçün əllərindən gələni etməlidirlər. Müstəqilliyimizin bərpasından sonra ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində milli mənəvi dəyərlərimizə qayıdış prosesi sürətlənib. Ulu Öndərin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində hazırda ölkədə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Tolerantlığın Azərbaycan modelinin bütün dünyada təqdir edilməsi dövlətimizin din siyasətinin uğurunun bariz nümunəsidir.

S.Salahlı Ramazan ayı ilə əlaqədar Lerikdə beş şəhid ailəsinə komitə adından bayram sovqatları təqdim edib.

Komitə sədrinin müavini Gündüz İsmayılov isə Qubada dindarlarla görüşüb.

Rayonda təşkil olunmuş iftar süfrəsində dini icmaların rəhbərləri, şəhid ailələri, müharibə veteranları, din xadimləri iştirak ediblər. Şəhid ailələrinə komitə adından Ramazan sovqatı payalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə