Britaniyalı deputat: “Parlamentdə azərbaycanlı məcburi köçkünlərlə bağlı məsələ qaldıracağıq”

Böyük Britaniyanın Tamvörs vilayətindən deputat Kristofer Pinçer Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olmuş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı "Many Happy Returns" təbliğat kampaniyasına qoşulduğunu bəyan edib.

Azərbaycana səfəri zamanı qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları düşərgələrə də baş çəkən K.Pinçer deyib: "Biz Dağlıq Qarabağ münaqişəsindən və onun Azərbaycana göstərdiyi təsirdən xəbərdarıq. Biz bu münaqişənin həll olunması və məcburi köçkünlərin evlərinə qayıda bilmələri üçün Böyük Britaniya parlamentində məsələ qaldıracağıq".

Parlamentin İcmalar Palatasının enerji və iqlim dəyişiklikləri komitəsinin üzvü K.Pinçer 2012-ci ildən bəri Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun sədridir.

Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilmiş "Many Happy Returns" kampaniyasının adı ingilissayağı təbrik mesajının əsasında seçilib. Bu, eyni zamanda, öz yurd-yuvalarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır. Bununla bağlı yaradılmış internet səhifəsində tanınmış alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş, Azərbaycan rayonlarında yerləşən məcburi köçkün düşərgələrindən üçündə yaşayan insanların fotoları yerləşdirilib.

"Many Happy Returns" internet səhifəsi həm də öz istifadəçilərinə Dünya Qaçqınlar Gününün əvəz edilib "Dünya qaçqın və məcburi köçkünlər günü" kimi qeyd edilməsi təklifini dəstəkləmək imkanı verir.

Bütün xəbərlər Facebook səhifəmizdə