Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri və ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Zeynab Kazımova Norveçin Oslo Universitetində Azərbaycan mətbuatı ilə bağlı təqdimatla çıxış edib. SİA-nın xəbərinə görə, sözügedən universitetdə Yay Məktəbində iştirak edən Departament rəhbəri öz təqdimatında əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan "Əkinçi"nin ilk milli Azərbaycandilli qəzet olduğunu bildirib və "Əkinçi"dən üzü bu yana mətbuatımızın inkişaf yolundan söz açıb.
O, Həsən bəy Zərdabinin milli qəzet yaratmaq istəyini onun xalqının maarifpərvər ziyalısı olaraq vətənpərvər şəxsiyyət kimi o dövrdə millətinin gələcəyini düşündüyünü deyib: "Azərbaycanda milli mətbuat XIX əsrin sonlarında meydana çıxmasına rəğmən, bundan öncə ölkəmizdə həmin əsrin əvvəllərindən rusdilli mətbu nəşrlər mövcud olub. Azərbaycanda jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. 2003-cü ildən bəri bu proses yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası əsasında silsilə və kompleks tədbirlər həyata keçirilib. 2010-cu ildə ölkə jurnalistlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində daha bir mühüm tədbir reallaşdırılıb. Mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli bina inşa olunub və bütün mənzillər yüksək səviyyədə təmir edilib".
Xatırladaq ki, Z. Kazımova ADU-nun müxtəlif kafedralarını təmsil edən altı müəllimi və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisasında təhsil alan 6 tələbəsi ilə birgə Oslo Universitetinin Yay məktəbində iştirak edirlər.
Qeyd edək ki, 86 ölkədən 500 iştirakçının olduğu yay məktəbində Zeynab Kazımovanın qatıldığı "Media studies" üzrə qrupda Azərbaycanla yanaşı, Norveç, İspaniya, Braziliya, Pakistan, Argentina, Vyetnam, ABŞ, Rusiya, Ukrayna, Qırğızıstan, Banqladeş, Nepal, Ermənistan və Efiopiyadan olan müxtəlif media strukrurlarını təmsil edən nümayəndələr də iştirak edirlər. Azərbaycan mətbuatı haqda təqdimat iştirakçıların marağına səbəb olub. Yay Məktəbi avqustun 1-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB