“Yay Məktəbi”nin Lerik turunda Ağdamın işğalı yad edildi

“Yay Məktəbi”nin Lerik turunda Ağdamın işğalı yad edildi

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc liderlər" gənc siyasətçilər üçün təşkil etdiyi "Yay məktəbi" layihəsinin III turu Lerik rayonundakı "Relax" istiramət mərkəzində öz işini davam etdirir. İyulun 23-də "Gənclərin İKT bacarıqlarının artırılması, sosial media ilə iş" mövzusunda təlim, müxtəlif məsələlərə dair fikir mübadiləsi aparıldı. Həmçinin gənclər tərəfindən Ağdam rayonunun ermənilər tərəfindən işğal olunmasının 21 illiyi ilə əlaqədar bir neçə dəqiqəlik anım mərasimi oldu. Günün ikinci yarısında interaktiv oyunlar və idman yarışları təşkil edildi.

Təlimlərdən öncə Ağdam rayonunda həlak olan şəhidlərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan olundu. Bildirildi ki, işğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 10 kolxozu, 2 sənayе, 100-dən artıq mədəni-maarif, bir o qədər də səhiyyə obyеkti düşmən əlinə kеçib.

Sonra "Gənclərin İKT bacarıqlarının artırılması, sosial media ilə iş" müvzusunda moderator Sitarə Nəsirova XXI yüzilliyi informasiya əsri kimi səciyyələndirərək müasir dövrdə İKT-nin inkişafının strateji əhəmiyyət kəsb etdiyini vurğuladı: "informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və cəmiyyət həyatının bütün sahələrini əhatə etməsi müsbət məqamlarla yanaşı, bir sıra zərərli tendensiyaların meydana çıxmasına səbəb olur. İnformasiya cəmiyyəti bir çox fundamental xüsusiyyətləri ilə digər sosium növlərindən fərqlənir. Belə ki, bu növ sosiumda cəmiyyətin həyatında informasiya və biliyin rolunun artması, daxili məhsulların axınında informasiya kommunikasiyalarının, məhsullarının və xidmətlərinin payının artması təməl xüsusiyyətlər kimi səciyyələndirilir. Eyni zamanda, informasiya cəmiyyətində insanların effektiv qarşılıqlı informasiya əlaqələrini, dünya informasiya resurslarına müraciətlərini təmin edən və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını təmin edən qlobal informasiya fəzasının yaradılması müşahidə olunur.

Bütün bunlarla yanaşı, informasiya cəmiyyətində bir sıra potensial təhlükə və təhdid mənbələri, meyilləri də mövcud olur. Kütləvi informasiya vasitələri ən müxtəlif məqsədlər naminə fərqli formalardan istifadə edirlər ki, bu amil ictimai rəyin formalaşması və istiqamətləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Modern informasiya cəmiyyətlərində media institutlarının informasiyadan siyasi manipulyasiya məqsədilə istifadə etmələri, demək olar ki, qanunauyğun hala çevrilib. Sosial medianın meydana çıxması və internetdən istifadə imkanlarının genişlənməsi informasiya təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb.

"Sosial şəbəkələrin gənglərin həyatında rolu" mövzusunda təlimdə keçən YAP Yasamal rayon Təşkilatının fəal üzvü Həsən Hüseynzadə bildirdi ki, müasir dünyanı İKT-siz təsəvvür etmək mümkün deyil: "Məhz İKT-nin imkanlarından istifadə etməklə bu gün sosial şəbəkələr yaranıb və onun vasitəsilə insanlar bir-birilər ilə təmas qururlar. Eyni ilə, YAP Gəncləri Birliyinin üzvləri də daim sosial şəbəkələrdə fəal olmağa çalışır. Bu gün ölkəmizdə aparılan sürətli abadlıq-quruculuq işlərinə görmək istəməyənlər var. Əsasən radikal müxalifət partiyaları, onlara aid olan media qurumları və ölkəmizin inkişafını istəməyən qüvvələr sosial şəbəkələr vasitəsilə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Təbii ki, biz onların qarşısında susmuruq və tutarlı arqumentlərimizi ortaya qoyuruq. YAP-da yüksək intellektli gənclər birləşib və müqayisə etsək, müxalifət düşərgəsində toplaşan azsaylı gənclər bizim gənclərdən intellekt cəhətdən çox-çox aşağıdır. Çox təəssüf edirəm ki, ölkəmizdə az da olsa, müasir dövrlə ayaqlaşa bilməyən, hadisələrə baxışı aşağı səviyyədə olan, reallıqları görməyən, hadisələrə obyektiv baxa bilməyən gənclər var. Bu gənclər müxalifət düşərgəsində radikal, hakimiyyətə gəlmək naminə Azərbaycanın düşmənlərilə əməkdaşlıq etməkdən çəkinməyən müxalifət partiyalarının rəhbərlərinin əlində alətə çevriliblər. Onlar sözçülükdən başqa irəliyə getmək iqtidarında deyillər, Azərbaycan cəmiyyəti ənənəvi müxalifətin eyni fikir, eyni təfəkkür sahibi olduğunu, məsələlərə bəsit düşüncə tərzi ilə yanaşmasını yaxşı bilir və bütün bunlar müasir dövrün tələbləri ilə səsləşmir. Ona görə də, müxalifət düşərgəsi öz ətrafına çox cüzi sayda gənclər toplaya bilib. Mən bir daha sizləri sosial şəbəkələrdə aktiv olmağa, Azərbaycanımıza qarşı aparılan hər hansı kamkaniyaya tez və tutarlı, faktlarla cavab verməyə dəvət edirəm".

Təlimlərdən sonra gəncləri maraqlandıran bir neçə mövzu ətrafında fikir mübadiləsi aparıldı. Günün ikinci yarısında müxtəlif intellektual yarışlar və YAP-çı qızlar arasında "Katamaran" yarışı keçirildi. Daha sonra Flaşmob təşkil olundu.

YAP Gənclər Birliyi Ofisinin əməkdaşı Şəfəq Əhmədova: Artıq 7 ildir ki, YAP Gənclər Birliyi tərəfindən təşkil olunan yay məktəbi, fəal gənclərimizin liderlik bacarıqlarını inkişaf etmələrinə və onlarda olan vətənpərvərlik ruhunun daha da yüksəlməsinə, dostluq əlagələrinin genişləndirilməsinə şərait yaradır. Artıq üç gündür ki, Lerik rayonundayıq. Burada gənclərə yaradılan şərait, təlim və seminarlar, eləcə də intellektual oyunlar yüksək səviyyədədir. Lerikdə keçirdiyim günlər ərzində, Yeni Azərbaycan Partiyasının gənclərə olan maraq və qayğısının şahidi oldum. Eyni zamanda gənclər də onlara göstərilən etimadı ən yaxşı formada doğrultmağa çalışırlar. Ümid edirəm ki, bu gün burda təmsil olunan partiyadaşlarımın böyük əksəriyyəti gələcəkdə Azərbaycanın içtimai-siyasi həyatında böyük rola sahib olacaqlar. Sonda yaradılan bütün bu şəraitə görə Yeni azərbaycan Partiyası rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm".

YAP Qəbələ rayon Təşkilatı Gənclər Birliyinin sədri Ramil Qəribov: "Yay məktəbi layihəsinə gənclər arasında böyük maraq var. Bu səbəbdəndir ki, layihə hər ötən il daha da genişlənir, program daha da zənginləşir. Bu tədbir gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, siyasi biliklər qazanmaları baxımından əhəmiyyətlidir.

Təkcə bu faktı deyə bilərəm ki, layihə vasitəsi ilə mən Bakı və digər regionlardan olmaqla xeyli sayda dost qazanmışam. Yəni Yay məktəbi dost qazanmaq baxımından da çox önəmlidir. Bir sözlə layıhə çox uğurludur. Biz gənclərə belə bir şərait yaratdığına görə, partiya rəhbərliyinə dərin təşəkkürümü bildirirəm".

YAP Yasamal rayon Gənclər Birliyinin sədr müavini, Azərbaycan Memarlıq və İnşaat Unuversitetinin Tələbə Həmkarlar İttifaqının Sədri Bayram Aslanov: "Yay məktəbləri Azərbaycan gəncliyinin həyatında öz siyasi və iş karyeralarının başlanması baxımından cox önəmli yerlərdən birini tutur. Beləki, gəncərimiz burada olduqları müddətdə bir cox təlim və seminarlarda iştirak edir, bölgələrimizdən gəlmiş gənclərimizlə geniş diskusiyalar edirlər. Nəticə olaraq onlar bölgələrimizi daha yaxından tanımış olurlar. Məktəb vaxtı təşkil olunmuş oyunlar zamanı belə, milli-mənəvi dəyərlərə daha cox yer ayrilır və gənclərin diqqəti bir daha tariximizə və dəyərlərimizə cəlb edilir. Eyni zamanda məktəb cərcivəsində gənclərə öz patensiallarını üzə cıxarmaq imkanları yaradılır. Belə ki, sərbəst mövzularda dəyirmi masalar təşkil olunur və gənclərin öz fikirlərini məktəb üzvləri ilə bölüşmək imkanı yaradılır.

Mən öz növbəmdə Azərbaycan gəncliyinə yaradılan bu gözəl şəraitə gorə ölkəmizin başcısi, cənab Prezidentimiz İlham Əliyevə və YAP-ın bütün məsul şəxslərinə təşəkkür edirəm. Gənclik adından söz verirəm ki, biz gənclər Azərbaycanımızın inkişafi yolunda cənab Prezidentimiz İlham Əiyevin ətrafında sıx birləşəcəyik və bu yolda əlimizdəm gələni əsirgəməyəcəyik. Biz fəxr edirik ki, Azərbaycan gənciyik!".

YAP Gənclər Birliyi Ofisinin fəal əməkdaşı Orxan Fəxrəddinov: "YAP Gənclər Birliyi tərəfindən gənclər üçün təşkil olunan və uğurlu layihələrdən olan "Yay Məktəbi" layihəsi mənə ən xoş təəssüratlar bağışlayır. Layihə çərçivəsində keçirdiyimiz günlər həm istirahət, həm dünya görüşünün artması, həm də maraqlı diskussiyalarla yadda qalan olur. Qədim tarixə, əsrarəngiz təbiətə malik olan Lerik şəhərinə səfərimiz xoş ovqat yaratdı. Xüsusən də respublikamızın ayrı-ayrı bölgələrindən gəlmiş YAP gəncləri ilə tanışlıq bizə yeni dostlar qazandırmaqda davam edir. Burada gənclər tərəfindən gündəlik olaraq müxtəlif mövzuda seminarlar, təlimlər, flaşmoblar həyata keçirilir. Həyata keçirilən belə bir layihəyə görə, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, bizim burda olmağımızda əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm".

Taleh Bağırov, "İki sahil"

Bütün xəbərlər Facebook səhifəmizdə