“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası uşaqlar üçün yay düşərgəsi təşkil edib

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası uşaqlar üçün yay düşərgəsi təşkil edib

"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası Qax rayonunun İlisu kəndində yerləşən "Ulu" istirahət mərkəzində uşaq və yeniyetmələr üçün yay istirahət düşərgəsi təşkil edib. Beş günlük düşərgədə assosiasiyanın Bakı və Gəncə təşkilatlarından, habelə Sumqayıt ailələrə dəstək layihəsindən cəlb olunmuş 30 uşaq və yeniyetmə iştirak edir.

Düşərgənin rəhbəri, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının milli təhsil məsləhətçisi Nailə Nəbiyevanın bildirdiyinə görə, düşərgəyə cəlb olunanların 24 nəfəri valideyn himayəsindən məhrum olanlar, 6 nəfər isə aztəminatlı ailələrin uşaqlarıdır.

Düşərgədə uşaqların istirahətlərinin mənalı və səmərəli keçməsi üçün hər cür şərait yaradılıb. Proqrama uyğun olaraq gün ərzində uşaqlara "Yaxşı nədir - pis nədir?", "Uşaq hüquq və vəzifələri", "Ətraf mühitin qorunması", "Yeniyetmə psixologiyası" və digər mövzularda, həmçinin liderlik və özünümüdafiə bacarıqlarının formalaşdırılması ilə bağlı təlimlər, ingilis dili üzrə məşğələlər keçirilir. Əyləncə saatlarında isə uşaqlar müxtəlif bilik və idman yarışlarında, müsabiqələrdə öz qabiliyyətlərini nümayiş etdirirlər. Bundan əlavə, gündəliyə uyğun olaraq rayonun tarixi abidələrinə, Qax şəhərinin muzeylərinə, görməli yerlərinə ekskursiyalar da təşkil olunur. Uşaqlar artıq Qax şəhərinin qədim yaşayış məhəlləsi olan "İçəribazar" Turizm və Mədəniyyət Mərkəzinə və tarix-diyarşünaslıq muzeyinə baş çəkib, İlisu kəndindəki qədim tarixi abidələrlə tanış olublar.

Düşərgə iyulun 25-dək davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə