Qazaxda əsgər və hərbçilərlə görüş keçirilib

Qazaxda əsgər və hərbçilərlə görüş keçirilib

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşəbbüsü və təşkilatçılığı, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəstəyi və 6 Qeyri-Hökumət təşkilatı fəallarının iştirakı ilə Ermənistanla 168 km sərhədə malik, ön cəbhə rayonlarımızdan olan Qazaxda qulluq edən əsgər və zabitlərlə görüş və böyük tədbir keçirilib.

SİA-nın xəbərinə görə, "Avrasiya Beynəlxalq Problemləri Araşdırma İnstitutu" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək, Qazax rayonunu strateji önəmindən, rayonun bir neçə kəndinin hələ də düşmənin işğalı altında olmasından, oradan köçkün düşmüş insanlarımızın öz evinə dönə bilməməsindən danışıb, təşkil olunan bu cür tədbirlərin əhəmiyyətini qeyd edib və torpaqlarımızın işğaldan azad olunacağı günün uzaq olmadığını vurğulayıb : "Ali Baş komandan, prezident cənab İlham Əliyev hər zaman bildirir ki, biz torpaqlarımızın bir qarışından belə vaz geçməyəcəyik, torpaqlarımızın bir qarışı nə bazarlıq mövzusu olmayacaq, nə də biz ondan bir qarış belə keçməyəcəyik. Əgər Ermənistan sülh yolu ilə razılaşmasa , Azərbaycan öz süveren hüqundan istifadə edib istənilən yolla torpaqlarını işğaldan azad edəcək. Arzu edirəm ki, gələn bu cür tədbirlərimizi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək".

"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri, "Ana harayı" qəzetinin baş redaktoru, "Tərəqqi" medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu, bayram tədbirlərinin ön cəbhədə təşkil edilməsinə razılıq verdiyi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib. O, keçdiyi döyüş yolundan, 1991- 1995-ci illərdə müxbir olaraq, qanlı savaş meydanlarında qarşılaşdığı maraqlı hadisələrdən danışıb. Ş. Sabiroğlu, öz peşə bayramlarını ön cəbhədə qeyd etməyin mühüm əhəmiyyətini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, işğalçı Ermənistanın, günü-gündən inkişaf edən ölkəmizin hərbi gücünün qarşısında duruş gətirə bilməyəcəyini bildirib.

"Gəncliyə Yardım Fondu" nun vitse-prezidenti, el ağsaqqalı Salman Əliyev Ali Baş Komandanın əmri ilə döyüş başlanacağı təqdirdə, silaha sarılmağa hazır olduğunu bəyan edib.

Müdafiə Nazirliyin tabeçiliyindəki "Azərbaycan Ordusu" qəzetinin sabiq əməkdaşı, "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyinin sədri Almaz Zeynalova, ön cəbhədə vəzifə borclarını ləyaqətlə yerinə yetirən ərənlərimizlə qürur duyduğunu deyib. Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov ordu həyatının ona çox yaxın olduğunu qeyd edib. O, əsgərləri, komandirlərin tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirməyə çağırıb.

Tədbirin davamında hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə qonaqlar adından hədiyyələr təqdim edilib və əsgər və hərbiçilərlə maraqlı söhbətlər edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə