700 bal toplayan abituriyentlərin təəssüratları FOTO

700 bal toplayan abituriyentlərin təəssüratları FOTO

"Ali məktəbə bütün hazırlıqlarım məktəbdaixili kurslarda olub. Bu təhsil mənə kifayət etdiyindən əlavə müəllim yanına getməyə ehtiyac duymurdum. Sadəcə son aylar Azərbaycan dilindən hazırlığa getdim, çünki dərslərimdə bir az problem yaranmışdı. Ancaq oxumağa elə də çox vaxt ayırmırdım. Gün ərzində 3-4 saat mənə bəs edirdi. Bu da ona görə idi ki, əvvəldən bizim liseydə təhsil güclü idi". Bu fikirləri SİA-ya açıqlamasında qəbul imtahanlarında II ixtisas qrupu üzrə ən yüksək- 700 bal toplayan Samir Rzayev təəssüratlarını bölüşərkən deyib.

Onun sözlərinə görə, qəbul imtahanında ilk başdan həyəcanlı olub, lakin suallarla tanış olduqdan sonra bu da aradan qalxıb: "Suallar çox asan idi. Sınaqlarda adətən 595, 645, 680 bal toplayırdım. İmtahan testlərinin cavablarını yaxşı yazdığımı bilirdim, amma 700 bal mənim üçün gözlənilməz idi. Buna baxmayaraq ən yüksək nəticə göstərdiyimi eşidəndə heç bir şey hiss etmədim. Ailəm isə xəbəri eşidəndə çox sevindi".

Samir Rzayevin ixtisas seçiminə gəlincə o deyib ki, istədiyi ixtisas "Biznesin idarə edilməsi"dir və buna görə də ADA Universitetində təhsil almaq istəyir.

Xatırladaq ki, Samir Zahid oğlu Rzayev Bakı Dövlət Universitetinin nəzdində yaradılan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur.

II qrup üzrə digər 700 bal toplayan abituriyent isə Bakı şəhəri, 287 saylı "Zəkalar" liseyinin məzunu Qədimbəyli Qoşqar da fikirlərini bizimlə bölüşüb: "Qəbul imtahanında 700 bal toplayacağımı gözləyirdim. Tələbə qəbulu üzrə Dövlət Komissiyası cavabları açıqlayanda elə də təəccüblənmədim və hər şeyi normal qarşıladım. Son sınaqlarda 646-674 arası bal toplamışam. Yalnız 11-ci sinifdə imtahan verəcəyim fənlərdən hazırlığa getmişəm".

O, yüksək nəticə göstərdiyini normal qarşılasa da ailəsi buna çox sevinib. Qoşqarın sözlərinə görə, evlərində bayram ab-havası var. Onun hansı təhsil ocağında oxuyacağına gəlincə o bildirib ki, hələlik harada və hansı ixtisas üzrə təhsil alacağına qərar verməyib.

O, eyni zamanda cari tədris ili ərzində "İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsində keçirilən Respublika olimpiadasının final turunda gümüş medal qazanıb.

Qeyd edək ki, bu il II qrup üzrə imtahan verənlər arasında yalnız 2 nəfər 700 bal toplaya bilib. III qrup üzrə isə bu göstəricini heç kim göstərməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə