AMEA-nın Elmi nəşriyyat şurası yaradılıb

AMEA-nın Elmi nəşriyyat şurası yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində AMEA Elmi nəşriyyat şurasının yaradılmasına həsr olunmuş iclas keçirilib. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, AMEA prezidenti Akif Əlizadə Elmi nəşriyyat şurasının yaradılmasının zəruriliyini vurğulayıb. Qeyd edib ki, yeni yaradılacaq şura AMEA-da nəşriyyat fəaliyyətinin müasir tələblərə uyğun qurulması, elmi uğurların dünya ictimaiyyətinə çatdırılması, eləcə də çapla bağlı yaranmış problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən akademik Teymur Kərimli, akademik Vasif Babazadə, akademik İradə Hüseynova, akademik Urxan Ələkbərov, hüquq elmləri doktoru Alış Qasımov və digərləri öz təklif və tövsiyələrini səsləndiriblər.

Sonda AMEA Elmi nəşriyyat şurasının təklif olunan tərkibdə yaradılması haqqında qərar qəbul olunub. Qərara alınıb ki, şura daxilində fizika-riyaziyyat və texnika, kimya, yer, ictimai, humanitar və həyat haqqında elmlər bölmələri fəaliyyət göstərsin. Həmçinin, AMEA-nın nəşriyyat fəaliyyətini tənzimləyən əsasnamənin layihəsini hazırlanıb AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim etmək qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə