Çirkab suların Xəzər dənizinə axıdılması faktları aşkarlanıb

50-dək protokol tərtib olunub
Çirkab suların Xəzər dənizinə axıdılması faktları aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin yerli qurumlarının əməkdaşlarının iştirakı ilə Bakı və Abşeron yarımadasının Xəzər sahili ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində və bələdiyyə mülkiyyətinə aid olan ərazilərdə mövsümi reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən bildiriblər ki, reyd zamanı çimərlik sahələrində, istirahət mərkəzlərində və ictimai iaşə obyektlərində bərk və maye mənşəli məişət tullantılarının idarə edilməsi zamanı ekoloji qanunvericiliyin tələblərinə riayət olunmadığı aşkar edilib. Məişət tullantılarının qalaqlanması, yandırılması, çirkab suların təmizlənmədən Xəzər dənizinə axıdılması faktları ilə bağlı Bakı və Abşeron yarımadasının Xəzər sahili ərazilərində fəaliyyət göstərən kafe, restoran, istirahət mərkəzlərinin iş icraçıları barəsində, ümumilikdə, 50-dək protokol tərtib olunub. Həmin obyektlərin sahiblərinə və aidiyyəti üzrə şəhər, qəsəbə və kənd bələdiyyələrinə tabeliklərindəki ərazilərdə ekoloji qanunvericiliyin tələblərinə riayət olunması barədə xəbərdarlıqlar edilib.

Hazırda qanun pozucularının inzibati məsuliyyətə cəlb olunmaları ilə bağlı zəruri tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə