Sosial-iqtisadi inkişafın Naxçıvan modeli nümunə kimi qəbul edilir

Cari ilin altı ayının yekunları bu qənaətə gəlməyə əsas verir
Sosial-iqtisadi inkişafın Naxçıvan modeli nümunə kimi qəbul edilir

Blokada və inkişaf sözləri kəskin şəkildə bir-biri ilə ziddiyyət təşkil edən müxtəlif anlayışlardır. Buna görədir ki, 24 ildir blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında nəzərə çarpan sürətli sosial-iqtisadi inkişaf beynəlxalq səviyyəli ekspertlər tərəfindən heyrətlə qarşılanır. Səbəb isə məlumdur: dünyanın heç bir yerində blokada vəziyyətində saxlanılan bir məkanda inkişaf meylləri, ümumiyyətlə, nəzərə çarpmayıb. Yəni hazırda dünyada ikinci belə bir nümunə yoxdur. Məhz buna görə həmin beynəlxalq ekspertlər iqtisadi inkişafla bağlı terminologiyaya yeni bir anlayışın daxil olduğunu etiraf edirlər. Bu, sosial-iqtisadi inkişafın Naxçıvan modelidir.

Aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasət nəticəsində bu gün Naxçıvan Muxtar Respublikası çox sürətlə inkişaf edir. Qədim diyarda Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin icra olunması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, lazımi islahatların aparılması, mühüm əhəmiyyətə malik Dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd olunduğu və "Muxtariyyət ili" elan edilmiş 2014-cü ilin ilk yarımilində bu uğurlar daha dinamik xarakter alıb.

Bu məqamda onu da xatırladaq ki, dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə iqtisadi inkişafda sənayenin xüsusi çəkisini artırmaq, ölkəmizin güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədilə 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsi haqqında Sərəncam imzalayıb. Sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, ötən müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb. Qədim diyarda sənaye məhsullarının istehsalının ilbəil sürətlə artması da bu sahədə nəzərəçarpan inkişafın əsas göstəricilərindən biri kimi dəyərləndirilir.

Bu ilin 6 ayında muxtar respublikada 471 milyon 580 min manat həcmində sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələyir. Sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin payına düşüb. Dövlət sektorunda 32669 min manatlıq, qeyri-dövlət sektorunda isə 438911 min manatlıq sənaye məhsulu istehsal edilib. Başqa sözlə, istehsal olunan məhsulun 93,1 faizi özəl sektorun payına düşüb.

Bundan əlavə, cari ilin ötən dövründə muxtar respublikada dövlət dəstəyi ilə 22 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilib. Hazırda iqtisadi fəaliyyətin müxtəlif sahələrində 48 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması isə davam etdirilməkdədir.

Cari ilin ötən dövrü ərzində sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2 milyon 233 min 800 manat həcmində kredit verilib. Bu da bir il əvvəlki müvafiq göstəricidən 2,3 dəfə çoxdur.

Muxtar respublikada sənayedə istehsalın artması ixracın da həcminə müsbət təsir göstərib və cari ilin ilk yarısında daxili tələbatdan artıq istehsal olunmuş 138 milyon 670 min ABŞ dolları dəyərində sənaye məhsulu xarici ölkələrə ixrac edilib.

İqtisadiyyatın ən vacib sahəsi olan kənd təsərrüfatında istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında kompleks tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirən dövlətimizin başçısı İlham Əliyev deyib: "Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri, demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur".

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2008-ci il sentyabrın 17-də imzaladığı Sərəncamla təsdiq olunmuş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası istiqamətində bir sıra işlər görülüb. Proqramın qəbul olunduğu 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsullarının həcmi 3 dəfə artaraq 46 milyon 419 min manata, heyvandarlıq məhsullarının həcmi isə 82,3 faiz artaraq 53 milyon 426 min manata çatıb.

Etibarlı ərzaq təminatı sisteminin qurulması daxili bazarda tələbatın səmərəli ödənilməsi ilə yanaşı, ixrac potensialını da gücləndirməkdədir. Ötən dövr ərzində muxtar respublikadan 36 milyon ABŞ dollarından artıq kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə və tərəvəz məhsulları ixrac olunub.

Ümumilikdə, istehsalın yüksək sürətlə artması iqtisadi inkişafın mühüm göstəricilərindən hesab edilir. Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 349 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 116 növü ərzaq, 233 növü qeyri-ərzaq məhsullarıdır. 107 növdə ərzaq, 227 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 334 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilib.

Yuxarıda qeyd etdiyimiz kimi, blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası bütün sahələrdə inkişafa nail olub. Təbii ki, bu inkişaf meylinin qorunub saxlanılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Onu da deyək ki, inkişaf həm də enerjiyə olan tələbatı daha da artırır. Yəni yüksəlişi qoruyub saxlamaq üçün ilk növbədə muxtar respublikanın enerji təhlükəsizliyini təmin etmək lazımdır. Bu mənada muxtar respublikada enerji təminatının daha da yaxşılaşdırılması, ən əsası, enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə malik işlər görülüb. Bütün bunların nəticəsində Naxçıvan enerji ixrac edən mühüm iqtisadi məkana çevrilib.

Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır. Naxçıvan bu gün elektrik enerjisi ilə təchizat baxımından öz enerji təhlükəsizliyini tam şəkildə təmin edə bilibdir. Hətta ixrac imkanları yaranmışdır".

Bu sahədə tədbirlərin intensivləşdirilməsi məqsədilə 2014-cü il martın 14-də Azərbaycan Respublikasının Prezidenti Naxçıvan Muxtar Respublikasında "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat vəsait ayrılıb.

Cari ilin ötən dövrü ərzində Şərur rayonunda 20,5 meqavat gücündə "Arpaçay-1" və 1,4 meqavat gücündə "Arpaçay-2" Su Elektrik stansiyaları istifadəyə verilib. Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının inşası işləri davam etdirilməkdədir.

Enerji təhlükəsizliyinin əsas tərkib hissəsi kimi istehlakçıların təbii qazla təminatı təsərrüfat fəaliyyətinin inkişafında mühüm rol oynamaqdadır. Bu il iyulun 1-nə olan məlumata görə, 81 min 517 abonent təbii qazla təmin olunub.

İnvestisiya qoyuluşları hər bir sahənin dinamik inkişafını sürətləndirən mühüm amillərdən biridir. Cari ilin ötən dövrü ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 516 milyon 277 min manatlıq investisiya yönəldilib ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 1,6 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 455 milyon 694 min manatı və ya 88,3 faizi tikinti-quraşdırma işlərində istifadə edilib. Cari ilin yanvar-iyun aylarında muxtar respublikada 121 müxtəlif təyinatlı obyekt tikilərək, yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda 234 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.

Bu dövrdə Naxçıvan Muxtar Respublikasında əhalinin gəlirlərinin müsbət artım dinamikası qorunub saxlanılıb. Cari ilin ilk altı ayında muxtar respublikada əhalinin gəlirləri bir il əvvələ nisbətdə 3,4 faiz artaraq 755 milyon 16 min manata, onun hər bir nəfərə düşən həcmi isə 1,8 faizlik artımla 1731 manata çatıb. Bu dövr ərzində orta aylıq əmək haqqının məbləği 382,5 manata çatıb ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 2,1 faiz çoxdur.

Qədim diyarda əhalinin işlə təminatı məsələsinə də xüsusi diqqət göstərilir. Bu ilin yanvar-iyun aylarında 1655 yeni iş yeri yaradılıb ki, bunun da 1599-u və ya 96,6 faizi daimi iş yerləridir.

Muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın icrası istiqamətində ardıcıl tədbirlər görülüb. Yaradılan "isaxtar.nmr.az" internet saytı vasitəsilə muxtar respublikada əmək bazarının tələblərinə uyğun təşkil olunan peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə məlumatlar işaxtaranlara çatdırılır.

Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun (ÜDM) artımı ümumi sürətli inkişafın bariz nümunəsidir. Ötən altı ay ərzində muxtar respublikada 1 milyard 14 milyon 85 min manatlıq ÜDM istehsal olunub ki, bu da bir il əvvəlki göstəricini 2,4 faiz üstələmək deməkdir. 2014-cü ilin yanvar-iyun aylarında hər bir nəfərə düşən ÜDM-in həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2323,8 manat (2962,9 ABŞ dolları) səviyyəsində olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi, ikinci yeri isə 22,8 faizlik payla tikinti sahəsi tutub.

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə buradakı irimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən Azərbaycan dövlətinin başçısı İlham Əliyev deyib: "Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır. Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm".

Həqiqətən də sürətlə inkişaf edən, yüksələn Naxçıvan Muxtar Respublikasının Vətən sevgisindən güc alan insanlarının gördükləri möhtəşəm işlər təbrikə layiqdir. Çünki həmin insanlar bu gün qədim diyarımızı gündən-günə gözəlləşən, çiçəklənən cənnət məkana çeviriblər.

Rauf Əliyev

AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə