Lerikdə davam edən “Yay məktəbi”ndə mətbuat günü ilə bağlı tədbir keçirildi
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) "Gənc Liderlər" gənc siyasətçilər üçün təşkil etdiyi "Yay məktəbi"nin III turu Azərbaycanın gözəl təbiətə malik olan Lerik və Oğuz rayonlarında öz işini uğurla davam etdirir. İyulun 20-dən 25-dək keçiriləcək Lerik turunda 80-ə yaxın gənc iştirak edərək öz bilik və bacarıqlarını daha da artırmış olacaq.
Turun növbəti günündə "Yay məktəbi"nin iştirakçıları Milli Məclisin deputatı Sevinc Hüseynovanın rəhbərliyi ilə "milli-mənəvi dəyərlərin gənclərin həyatında rolu" mövzusunda seminar-diskussiya keçiridi. Gənclər qarşısında çıxış edən xanım millət vəkili bildirdi ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır: "Azərbaycan xalqı da bugünədək məhz milli mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun zəngin milli mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılıb və onun böyük bir hissəsi bugünədək qorunub saxlanıb. Bu baxımdan, milli dövlətin formalaşması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə nə dərəcədə səsləşməsindən asılıdır. Milli dəyərlərə söykənən dövlət quruculuğu xalqın milli şüuruna, mənəvi dəyərlərinə istinad edir. Müstəqilliyini qazandıqdan sonra Azərbaycan Respublikasının qarşısında bir neçə inkişaf yolu mövcud idi. Müxtəlif kənar təsirlər həmin dövrdə Azərbaycanı fərqli istiqamətlərə sapdırmağa çalışırdı. Lakin Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi qabaqgörən və uğurlu quruculuq siyasəti Azərbaycan xalqının milli mənəviyyatına əsaslanan milli dövlətin əsaslarını formalaşdırmağa yönəldi. Belə ki, ulu öndərin əsasını qoyduğu dövlət quruculuğu siyasətinin mühüm xüsusiyyətlərindən biri dövlətin əbədi mövcudluğunu təmin edəcək zəruri mənəvi dayaqların formalaşdırılması idi. Bununla da, Azərbaycan dövlətinin əsaslarının yaradılmasında məhz Azərbaycan xalqının milli mənəvi dəyərləri əsas dayağa çevrildi. Bu gün isə bu milli mənəvi dəyərləri qoruyub gələcək nəsillərə ötürmək siz gənclərin üzərinə düşür".
YAP Sabunçu rayon təşkilatının üzvü Ziya Şükürov mövzu barədə çıxış edərək qeyd etdi ki, milli mənəvi dəyərlərin qorunması hər bir xalq və onun dövlətçiliyi üçün mühüm əhəmiyyət kəsb edir: "xalqlar və millətlər bəşər tarixində özünəməxsus yerini yalnız bu dəyərlərə və onun fərqləndirici xüsusiyyətlərinə görə tanıdır. Azərbaycan xalqı və dövləti qədim zəngin mədəniyyəti, tarixi, adət və ənənələri, tolerantlığı, bəşər dəyərlərinə verdiyi önəm və tarixi şəxsiyyətləri tanınmışdır. Milli mənəvi dəyərlərimizi qorumaq, onlara sahib çıxmaq, dərindən bilmək hər bir azərbaycanlı üçün vacibdir". Çıxışlardan sonra gənclər bu mövzuda geniş fikir mübadiləsi aparıblar.
Günün ikinci yarısında isə 22 iyul Azərbaycan Milli mətbuatının yaranmasının 139-cu ildönümü ilə bağlı təlim oldu. YAP Nəsimi rayon təşkilatının fəalı Tusi Heydərov hazırladığı slayd şou əsasında çıxış edərək Azərbaycan mətbuatının yaranma tarixi, 1875-ci ildən bu günə kimi keçdiyi çətin və şərəfli yoldan danışdı. Bildirdi ki, əvvəllər senzuralı şəraitdə fəaliyyət göstərən mətbuatımız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə kəlməsindən sonra özünün çiçəklənmə dövrünə qədəm qoydu, senzura tamamən ləğv olundu, mətbuatın maddi vəziyyəti tədricən yaxşılaşmağa başladı. Müstəqil kütləvi informasiya vasitələrtinin sayı sürətlə artmağa başladı.
Sonra Milli Məclisin deputatı Sevinc Hüseynova çıxış edərək, peşə bayramı münasibəti ilə bağlı bütün jurnalistləri təbrik etdi. Millət vəkili qeyd etdi ki, mətbuatın inkişafı daim dövlətimizin diqqət mərkəzində olub: "mətbuat dördüncü hakimiyyət funksiyasını uğurla yerinə yetirir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuat ciddi inkişaf etməyə başlayıb, əlaqələr inkişaf edib. Ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğv olunması, qəzetlərin dövlət nəşriyyatına olan borclarının dondurulması və mətbuatın inkişafına xidmət edən digər məsələlər ilə bağlı verilən qərarlar böyük əhəmiyyət kəsb edib. Əbəs yerə deyil ki, Mətbuat işçiləri ulu öndərimizin bu fəaliyyətini yüksək qiymətləndirərək Onu "Jurnalistlərin dostu" seçiblər. Bu siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir və dövlət başçısı da "Jurnalistlərin dostu" mükafatına layiq görülüb. Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xətti ilə dövlətimiz mətbuatımıza ciddi dəstək verir. Eyni zamanda, ölkə başçısının qərarı ilə dövlət hesabına ötən il mətbuat işçiləri üçün yaşayış binası tikilib istifadəyə verilib. Artıq 250 mənzildən ibarət olacaq ikinci bina da tikilməkdədir və gələn ilin yayında jurnalistlərin ixtiyarına verilməsi planlaşdırılır. Ölkəmizdə mətbuat, o cümlədən internet tam azaddır şəkildə fəaliyyət göstərir. Bu gün bir çox ölkələrdə internet üzərində nəzarət mövcuddur. Lakin Azərbaycanda həmin ölkələrdən fərqli olaraq bu cür nəzarət yoxdur. Ölkəmizdə internet azaddır. Hazırda Azərbaycanda çoxlu sayda internet portalları, saytları fəaliyyət göstərir. Bu da həm dünyada, həm regionda, həm də ölkə daxilində baş verən hadisələrin insanlara çatdırılmasında mühüm əhəmiyyət kəsb edir".
Tədbirin sonunda isə "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay Məktəbi layihəsində fəal iştirakına görə" bu sətirlərin müəllifinə diplom və hədiyyə təqdim olundu.
Günün sonuna doğru isə "Yay məktəbi"nin iştirakçıları iki komandaya bölünərək Lerik YAP və "Ralax" komandaları ilə mini futbol yarışı keçirdilər. Daha sonra gənclər arasında flaşhmob keçirildi.
Taleh Bağırov, "İki sahil"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB