Azərbaycan mətbuatının yaradılmasından 139 il ötür

Qəzet baş redaktorları Azərbaycan mətbuatının 139 il ərzində bir çox uğurlara imza atdığını bildirdilər
Azərbaycan mətbuatının yaradılmasından 139 il ötür

Əsası "Əkinçi" qəzeti ilə qoyulan Azərbaycan Milli Mətbuatı, bu gün dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycan mətbuatının daha yüksək səviyyədə inkişaf etməsi üçün, Prezident İlham Əliyev tərəfindən bir çox uğurlu addımlar atılıb, fərman və sərəncamlar verilib. Bu baxımdan, demək olar ki, Azərbaycan mətbuatı özünün 139 illik il dönümünü kifayət qədər uğurlarla qeyd edir.

"Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova:

- Milli Mətbuat günü münasibətilə bütün həmkarlarımı, Azərbaycan jurnalistlərini təbrik edir, işlərində uğurlar arzulayıram. Azərbaycan milli mətbuatının 139 illiyinin qeyd olunması çox sevindirici haldır. Bu 139 il ərzində mətbuatımız bir çox uğurlara imza atıb. Ümumiyyətlə, Azərbaycan dövləti milli mətbuatın daha da yüksək səviyyədə inkişaf etməsi üçün hər cür şərait yaradıb. Bir sözlə, Azərbaycan mətbuatının inkişafında Azərbaycan dövlətinin dəstəyi hər zaman görünüb. Bu uğurların davamlı olacağı şübhəsizdir. Çünki, Azərbaycan dövlətinin siyasəti dəyişməzdir.

"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas:

- Ölkədə Azərbaycan mətbuatının 139 illiyinin qeyd olunması özü-özlüyündə bir uğurdur. Bu gün Azərbaycan mətbuatı dünya mətbuatında öz sözünü demiş və tanınmış mətbuatdır. Prezident İlham Əliyevin verdiyi dəstək nəticəsində mətbuatımız daha da yüksək səviyyədə inkişaf edərək bir çox uğurlar əldə edib. Sonda isə bütün həmkarlarımızı təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:

- Hər zaman Azərbaycan dövləti ölkə mətbuatına qarşı diqqət və qayğı ilə yanaşıb. Artıq mətbuatımızın yaranmasından 139 il ötür. Bu illər ərzində Azərbaycan mətbuatı çox böyük uğurlara imza atıb. Yəni bu 139 ildə Azərbaycan mətbuatı müxtəlif inkişaf mərhələlərini keçib və bu günə qədər gəlib çatıb. Bu da böyük uğurdur. Bir sözlə, bu gün Azərbaycan mətbuatı dünya mətbuatında öz sözünü demiş və tanınmış mətbuatdır.

"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli:

- İlk öncə, mətbuatın 139-cu ildönümü münasibətilə mətbuat işçilərini təbrik edirəm. Bu gün mətbuat sahəsində əldə edilən uğurlar göz qabağındadır. Dövlətimizin mətbuata və mətbuat işçilərinə göstərmiş olduğu yüksək qayğı mediamızın daha da gücləndirilməsinə və inkişafına, savadlı, intellektli jurnalist kadrların yetişməsində böyük təkan verəcək. Azərbaycan mətbuatı daha da yüksək səviyyədə inkişaf edəcəkdir.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə