Sumqayıt teatrının kollektivi jurnalistlərlə bir araya gəldi

Sumqayıt teatrının kollektivi jurnalistlərlə bir araya gəldi

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi jurnalistlər üçün mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda ölkənin və Sumqayıtın 30-dan artıq müxtəlif media nümayəndəsi iştirak edib.

Bu ilin mart ayında Sumqayıt teatrına direktor təyin olunan İslam Həsənov ötən mövsüm Fətəli Axundzadənin "Molla İbrahimxəlil Kimyagər", Əziz Nesinin "Öldür məni can-ciyər", Jan Anuyun "Antiqona" əsərlərinə hazırlanan tamaşalardan söz açıb, teatrın səfərləri haqda jurnalistlərə məlumat verib: "Sumqayıt teatrı iyulun 6-11-i tarixində Gürcüstanın Kutaisi şəhərində sözügedən şəhərin merinin dəvəti ilə qastrol səfərində olub. Səfərdə Con Patrikin "Qocanı öldürməliyik" tamaşası göstərilib. Gürcü tamaşaçılarının və sənət adamlarının baxdığı bu tamaşa çox yüksək dəyərləndirilib. Teatr mövsümünün bağlanışı da məhz bu tamaşa ilə baş tutub".

İ.Həsənov Sumqayıt teatrının yeni mövsümə planlaşdırdığı tamaşalardan da danışaraq vurğulayıb ki, onların rejissorlarının bir qismi əcnəbilər olacaq. Direktor qeyd edib ki, yeni mövsümdə Qoqolun "Çiçəkovun səyahəti" (Ukraynadan dəvət olunacaq rejissor Arkadiy Netolyukun quruluşunda), Qurban Səidin "Əli və Nino" (Gürcüstandan dəvət olunacaq rejissor Zurab Pxokadzenin quruluşunda) V.Şekspir "Otello" (Bolqarıstandan dəvət olunacaq rejissor Xristo Stoyçevin quruluşunda), Alber Kamyunun "Kaliqula" (quruluşçu rejissoru Respublikanın əməkdar artisti Firudin Məhərrəmov), H.Mirələmov "Vicdanın hökmü" (quruluşçu rejissoru Namis Şirməmmədov), Harold Pinter "Sevgili" (quruluşçu rejissoru Vasif Məmmədov) əsərlərinə hazırlanan tamşalar nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, Sumqayıt teatrı sentyabr ayında özünün 45 illik yubileyini təntənəli şəkildə keçirməyi planlaşdırır: "Teatra yeni təyinatdan sonra tetarda uzun müddət oynanılmayan tamaşa bərpa olunub, eləcə də həftədə 4 dəfə olaraq axşam tamaşalarının oynanılması təşkil edilib. Bu da istər-istəməz Sumqayıt tamaşaçılarının teatra axınını müəyyən qədər bərpa edib.

Görüş qarşılıqlı sual-cavab əsasında keçirilib.

Sonda direktor məlumat verib ki, Sumqayıt teatrının ABŞ, Hindistan, Bolqarıstan və Türkiyə kimi bir çox xarici ölkələrə festival və qastrolları gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə