Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq
Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə tikinti-quraşdırma işlərinə bu ilin oktyabrında başlanılması nəzərdə tutulur. "Azərsu" ASC-dən verilən məlumata görə, Azərbaycan Hökumətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya layihəsinə dəstək" proqramı çərçivəsində reallaşdırılacaq layihənin icrası ilə əlaqədar bu ilin avqustunda podratçı şirkətin seçilməsi üzrə tender keçiriləcək.
Daşkəsən şəhərini və ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün Qarainək və Gülbulaq su mənbələri seçilib. Həmin mənbələrdən Daşkəsən şəhərinə 20 kilometr uzunluğunda magistral su kəməri çəkiləcək, şəhərin relyefinə uyğun olaraq müxtəlif ərazilərdə ümumi tutumu 4500 kubmetr olan 4 su anbarı tikiləcək. Layihə çərçivəsində 18,3 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 2500-ə yaxın ünvana birləşmə veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq. Layihə Daşkəsən şəhəri ilə yanaşı, rayonun Alunitdağ və Mədənçilər kəndlərinin, ümumilikdə 17 minə yaxın sakinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşlaşdırılmasına hesablanıb.
Layihəyə uyğun olaraq Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaq. Tullantı sularının optimal idarə edilməsi üçün 21 kilometr uzunluğunda kanalizasiya xətti, 4205 kanalizasiya quyusu tikiləcək, eyni zamanda, yanğın hidrantları quraşdırılacaq.
"Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya layihəsinə dəstək" proqramı çərçivəsində Gədəbəy, Daşkəsən, Samux, Tərtər, Qazax və Astara şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. Artıq Gədəbəy və Astara şəhərləri üzrə tender prosedurlarına başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB