Lerikdə tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb

Lerikdə tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb

Lerik Rayon İcra Hakimiyyətində cari ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Hesabat yığıncağında ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatların müsbət nəticələrinin Lerik rayonunun da sosial-iqtisadi inkişafına böyük təsir göstərdiyi vurğulanıb. Qeyd olunub ki, rayonda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb.

Bildirilib ki, hesabat dövründə Azərbaycan Prezidentinin 2013-cü il 14 sentyabr tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə başlanılıb. Yolun 20 kilometrlik hissəsi asfalt örtüyünün çəkilməsinə tam hazırlanıb, 13 kilometri asfaltlanıb. Dünya Bankının ayırdığı vəsait hesabına Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Həmçinin 19 kilometrlik Qosmalian-Lerik yüksək təzyiqli magistral su xətti, şəhərdaxili su və kanalizasiya xətlərinin bir hissəsi tamamlanıb, bir neçə yerdə su tutarları inşa edilib. Suya ehtiyacı olan kəndlərin içməli su təminatının yaxşılaşdırmaq məqsədilə yaşayış məntəqələrinə su xətləri çəkilib, artezian quyuları qazılıb.

Diqqətə çatdırılıb ki, Lerik şəhərində 17 meqavatlıq "Modul" tipli elektrik stansiyasının tikintisi ilə əlaqədar Lerik-Telavar-Yardımlı 35 kilovoltluq yüksək gərginlikli elektrik hava xətti yenidən inşa olunub. Piran-Hamarat-Vijaker avtomobil yolu qayaların partladılması ilə genişləndirilib, əsaslı təmiri işləri aparılıb. Nücü, Pirasora, Vizəzəmin, Boykəndil kənd tam orta məktəblərinin tikintisində, Mastayıl kənd tam orta məktəbinin, Lerik şəhəri uşaq bağçasının əsaslı təmiri sürətlə davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lerik şəhərində 100 yerlik uşaq bağçasının tikintisinə başlanılıb. Lerik şəhər məscidində təmir işləri aparılıb, yeni minarələr ucaldılıb, ərazidə 400 yerlik xeyir-şər evi inşa edilib. Hazırda Gürdəsər kəndində 300 yerlik xeyir-şər evinin tikintisində son tamamlanma işləri aparılır.

Yığıncaqda qeyd olunub ki, bu ilin birinci yarısında rayonda kənd təsərrüfatı məhsullarının istehsalı 2,5, sənaye məhsulları 6,9, rabitə xidmətinin həcmi 3,3, sərnişin və yükdaşıma xidmətlərinin həcmi 2,7, əhaliyə göstərilən ticarət xidmətinin həcmi 3,7, pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətin ümumi həcmi 5,1 dəfə artıb. Bu dövrdə 354 sakin işlə təmin edilib ki, bunun 185-i daimidir.

Çıxış edənlər ilin birinci yarısında rayonda görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb, mövcud problemlərlə bağlı təkliflərini irəli sürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə