Ordu quruculuğu və KİV münasibətləri müzakirə olunub

Ordu quruculuğu və KİV münasibətləri müzakirə olunub

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələrinin görüşü keçirilib. Milli Mətbuat Günü ərəfəsində keçirilən tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev son vaxtlar Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin, hərbi hissə və bölmələrin maddi-texniki təminatının gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan geniş islahatlardan söhbət açıb. O, 26 iyun - Silahlı Qüvvələr Günündə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sonrakı günlərdə isə müdafiə nazirinin iştirakı ilə keçirilən genişmiqyaslı hərbi təlimlərin Azərbaycan Ordusunun hərbi qüdrətini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, K.Vəliyev ordumuzun müasir hərbi texnika və silah-sursatla təmin olunduğunu, bu istiqamətdə ardıcıl işlərin görüldüyünü diqqətə çatdırıb. Orduda artıq əvvəlki dövrlə müqayisədə əhəmiyyətli yeniliklər baş verib. Nazir müavini şəxsi heyətin sırf döyüş hazırlığı ilə bağlı tapşırıqlara cəlb olunması məqsədilə artıq minlərlə peşəkar mülki şəxsin hərbi hissə və bölmələrdə təsərrüfat-məişət işlərinə qəbul edildiyini, əsgəri xidmətini başa vurmuş çoxlu sayda vətəndaşın öz arzuları ilə yenidən müddətdən artıq həqiqi hərbi xidmətə çağırıldığını deyib.

Hərbi təhsilin daha da təkmilləşdirilməsi üçün görülən işlərdən danışan nazir müavini bu sahədə ardıcıl dövlət siyasətinin həyata keçirildiyini və Azərbaycanın inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən bəhrələndiyini vurğulayıb.

Kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran general-leytenant K.Vəliyev ordu quruculuğu məsələlərində obyektivliyin və şəffaflığın təmin edilməsi baxımından bu əlaqələrin vacibliyini vurğulayıb.

Görüş iştirakçılarının suallarını cavablandıran Müdafiə Nazirliyinin idarə rəisi, ədliyyə polkovniki Rauf Kişiyev son zamanlar orduda sosial ədalətin qorunması və korrupsiya hallarına qarşı mübarizə işindən, həmçinin qohumbazlıq və yerliçilik kimi mənfi hallara son qoyulması üçün görülən qətiyyətli tədbirlərdən söhbət açıb. O, ordu mövzusunda dəqiq informasiyanın təmin edilməsi üçün daha əlverişli yolların tapılmasının vacibliyini bildirib.

Müdafiə Nazirliyinin idarə rəisləri - polkovnik Rüfət Əmirov, polkovnik Hicran Rüstəmzadə və mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı media ilə əlaqələrin qurulması məsələləri barədə fikirlərini bölüşüb, sualları cavablandırıblar.

Mətbuat nümayəndələri çıxış edərək görüşün təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə