Müxalifət şərbazlarının bəsirət gözləri kordur AÇIQLAMA

Ərəstun Əbilov: “Oğlumun həmin hadisəyə görə 15 sutkalıq cəza almasını mən də bir ata, bir vətəndaş olaraq bildirirəm ki, qanun qarşısında hamı eynidir”
Müxalifət şərbazlarının bəsirət gözləri kordur AÇIQLAMA

"Bu gün iqtidarda zəhməti olan, əzmlə çalışan məmurlarımız var və çox təəssüf ki, daim süni ajiotaj və sabotajçı üsullarla gündəmdə qalmağa çalışan müxalifətyönlü media qurumları həmin məmurlara qarşı şər, böhran xarakterli informasiyalar yayırlar. Ən xırda bir məsələni böyüdüb "sensasiya" kimi ictimai rəyə sırımağa çalışırlar. Məhz sözügedən məsələ də bu silsilədəndir və sadəcə olaraq mənim övladım da müxalifət mediasının hədəfinə düşüb". Bu fikirləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon Əmək Müfəttişliyi idarəsinin rəhbəri Ərəstun Əbilov müxalifət mediasının onun və övladının haqqında yazdığı qərəzli, şantajçı yazılara münasibət bildirərkən deyib.

Ərəstun Əbilov hadisənin təfərrüatları bardə danışarkən bildirib ki, onun oğlu yol polisi tərəfindən saxlanılıb və onların aralarında çox kiçik bir anlaşılmazlıq yaranıb: "Onun avtomobilinin arxasında olan dövlət nömrəsi zədəli olduğuna görə, çıxarıb qoyub yük yerinə ki, sonradan onu düzəltdirsin. Yol polisi də onu məhz dövlət nömrə seriyası olmadığına görə saxlayıb və müəyyən anlaşılmazlıq yaranıb. Daha sonra aradakı söz-söhbət həll edilib və övladım da qanunun tələblərinə görə cavab verib. Yəni bizim dövlətimizdə qanunun aliliyi hər bir vətəndaş tərəfindən qorunmalı və qanunlara riayət olunmalıdır. Fərqi yoxdur, kimin övladı olursa-olsun, tutduğu vəzifəsindən asılı olmayaraq, hər kəs qanuna tabe olmalıdır. Bu gün mənim oğlumun həmin hadisəyə görə 15 sutkalıq cəza almasını mən də bir ata, vətəndaş kimi tədqirəlayiq hal kimi qiymətləndirirəm".

Ərəstun Əbillov bildirib ki, Bu baxımdan, əgər müxalifət mediası - "Azadlıq" qəzeti və s. kimi müxalifyönlü mətbu orqanlar nədənsə sözügedən hadisənin tam əksini işıqlandırmağa cəhd etməklə, tədqir olunası hadisə barədə heç nə yazmır: "Görünür, müxalifət yazarları bizim, yəni ailəmizin iqtidarı dəstəkləməyimiz, dövlətçiliyə sədaqətimiz üzündən indi də bu kimi çirkin vasitələrlə kampaniya aparmaq qərarına gəliblər. Hansı ki, biz də bir ailə olaraq, baş verən hadisədə öz oğlumuzu ciddi şəkildə tənbeh etmişdik. Bir daha vurğulamaq istərdim ki, bu ölkədə qanun var və bu qanun hər kəs üçündür. Artıq məsələ də yoluna qoyulub və tərəflər arasında anlaşma olub. Nəzərə alınıb ki, olay iştirakçıları ikisi də gəncdir, cavandır".

"Başqa tərəfdən, bu kimi hadisələr hər yerdə olur"-deyə qeyd edən Ərəstun Əbilov həmçinin bildirib ki, nədənsə müxalifət yazarları həmin hadisələr barədə heç nə yazmırlar: "Eyni zmanda əgər bunlar həqiqətən də bizə qarşı qərəzli deyillərsə, nəyə görə bizim müsbət işlərimiz barədə bir kəlmə də olsa yazmırlar?! Bunun yerinə xüsusi olaraq, böyük şriftlərlə xülasə ilə yazırlar ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon Əmək Müfəttişliyi idarəsinin rəhbəri Əbilov Ərəstun Şirvan oğlunun oğlu dövlət məmurudur və bu kimi hərəkətlərə yol verib. Nəyə görə "Azadlıq" və digər müxalifətyönlü media qurumları yazmırlar ki, Əbilov Ərəstun Şirvan oğlunun övladı İşıq idarəsində çalışdığı zaman əhalidən yığım faizini 14 fazidən 75 faziə qədər qaldırıb?! Onun barəsində həmin zamanlar da yazırdılar ki, guya yeyinti hallarına yol verir. Ancaq həmin böhtanların heç biri öz təsdiqini tapmadı. Yəni dövlətimiz, iqtidarımız hər zaman həqiqətin yanında olub. Müxalifət mətbuatı isə özündə vicdan axtarmaq yerinə, bax belə bir şişirdilmiş məqalələr verir, guya hadisələrə "real baxışla" baxdıqlarını sərgiləməyə çalışırlar".

Ərəstun Əbilov qeyd etdi ki, insan gərək özü-özünə hesabat versin: "Onda insanın daxilində bəsirət deyilən bir göz var, bax həmin göz açıq olur. Məhz həmin bu müxalifət şərbazlarının bəsirət gözləri kordur. Bunlar yaxşı hadisələri görmürlər, yalnız özlərinə lazım olan ən xırda bir məişət hadisəsini az qala qlobal problem kimi ictimai rəyə sırımağa çalışırlar. Bu gün oturub-durub ƏƏSMN-in adını hallandırırlar. Niyə yazmırlar ki, cənab nazir bu vəzifəyə gəldiyi altı ay deyil, 600 nəfər Qarabağ əlilinə, Vətən müharibəsi veteranlarına, şəhid alilələrinə ev verdi və onların sosial məişət həyatlarının daha da yaxşılaşdırılması üçün bütün səylərini indi də davam etdirir?! Niyə yazmırlar və təqdir etmirlər ki, məhz ƏƏSMN kifayət qədər soyuq və şaxtalı keçən qış aylarında küçələrdə kimsəsiz olanlar üçün çadırlar qurdurdu, onları isti yataqla, ərzaq və yeməklərlə təmin etdi?! Niyə yazmırlar ki, cənab nazir öz şəffaf fəaliyyəti ilə hər ay regionlara səfər edir, bu istiqamətdə əhalinin sosial problemləri ilə yaxından tanış olur və hər kəs ondan razılıq edir?! Sadəcə məsələ budur ki, mən Şirvan Əbilovun oğluyam və onlar da istəyirlər ki, həmin hadisədə oğlum iştirak etdiyinə görə, məni qarşı qarayaxma, şər-böhtan kampaniyası aparsınlar. Bax, müxalifət mediasının ucuzluqlarından biri də məhz bu faktordur!".

"Ancaq mən fəxr edirəm ki, Şirvan Əbilov kimi bir kişinin oğluyam"-deyə vurğulayan Ərəstun Əbilov eyni zamanda Heydər Əliyev ideologiyasına sadiq olduqları üçün fəxr etdiyini bildirib: "Mən fəxr edirəm ki, bütövlükdə ailəmizlə, nəslimizlə Ulu Öndər Heydər Əliyev siyasətinin davamı ilə gedirik. Bu, hər zaman belə olub və belə də olacaq. Bu gün ailədə tək işləyən adam mənəm. Əgər sabah işləməsəm belə, yenə də bütün varlığımla, fəaliyyətimlə məhz bu ideologiyaya xidmət edəcəyəm. Bizi bu ideologiyadan döndərmək, sadəcə mümkün deyildir. Müxalifət mediası da bizim kimilərə qarşı qarayaxma kampaniyaları aparmaqdansa, bu reallığı dərk etsinlər. Çünki biz bu ideologiya ilə yoğrulmuşuq.

Hələ Yeni Azərbaycan Partiyası yarandığı dövrdə biz öz ailəmizlə, başda atam Şirvan müəllim, anam, bacım, qardaşım və digər ailə üzvlərimiz yaşadığımız Cənub bölgəsində təşəbbüs qrupunu yaratmışdıq. Biz onda Ulu Öndər Heydər Əliyevin qayıdışını gözləyirdik. Gözləyirdik və bilirdik ki, Azərbaycanın xilaskarı gəlir.O xilaskar Azərbaycanımızı düşdüyü böhrandan, müstəqilliyini itirmək təhlükəsindən, daxili və xarici düşmənlərdən, bəlalardan qurtaracaq. Maraqlıdır, bəs onda bu gün müxalifətdə olanlar harada idilər, nə iş görürdülər?! Azərbaycanı xanlqlara bölüb ölkəni satmağa çalışırdılar bu adamlar! İndi də öz qəzetləri vasitəsilə insanlara şər-böhtan atmaqla məşğuldurlar. Gəlin bir fakta da nəzər salaq. Bunlar nə vaxtsa yaxşı, normal mövzulara toxunublarmı? Məgər biz Əli Kərimlinin, İsa Qəmbərin atasının, dədə-babasının adlarını tuturuq? Mənim atam Şirvan Əbilov hazırda prezident təqaüdçüsüdür və dövlətdən təqaüd alır, oturub evində. Yaxşı bəs bunların Şirvan müəllimlə nə qəsdi-qərəzçilikləri var? Nədir-nədir, bizim ailə hər zaman YAP sıralarında təmsil olunaraq dövlətçiliyimizi müdafiə etmişik".

Ərəstun Əbilov onun və ailəsinin barəsində müxalifətdə gedən yazılara förə məhkəməyə müraciət etməyəcəyini də deyib: "Bu gün mənim nə "Azadlıq" qəzetini, nə "Yeni Müsavat"ı, nə də ki, digər müxalifətyönlü media qurumlarını məhkəməyə vermək fikrim yoxdur. Şünki mənim məhkəməm mənim xalqımdır, dövlətimdir, dövlətimə etdiyim xidmətimdir! Bu gün mən öz dövlətimə və Prezidentimə arxalanır, Onun yürütdüyü siyasəti dəstəkləyirəm. Müxalifətə səslənərək demək istərdim ki, baxıb-görsünlər və anlasınlar – ölkə başçımızın uğurlu və qətiyyətli siyasi addımlarından biri də məmurları və məmur övladlarını sadə vətəndaşlardan ayırmamasıdır. Əgər bu gün rayonumuzun prokuroru, polis rəisi, icra başçısı yerində olmasaydı mənim övladıma güldan ağır söz deyən olmazdı. Demək ölkəmizdə qanunlar mövcuddur və burada ədalət prinsipi var. Məgər müxalifətə bu da azlıq edir?! Bir zamanlar asfaltı olmayan Masallının yollarını indi daş parketlər bəzəyir. Məgər bu da müxalifət mətbuatı üçün bəs deyilmi?! Axı hansı səbəbdən bunları yazmırlar?! Yazsınlar ki, ömrü boyu YAP-a və dövlətə sadiq olan Şirvan Əbilovun nəvəsinə rayon məhkəməsi cəza verdi. Ədalət öz yerini tapdı. Bax onda mən çəkilib bir kənarda dayanardım. Deyərdim ki, müxalifət mediası həqiqəti yazır. Ancaq gördüyümüz kimi belə deyil. Yaxşı olardı ki, bax həmin bu müxalifət mediası bu qoxu verən, kin-küdurət iyi verən hisslərdən əl çəksin.

Xatırladaq ki, "Azadlıq" qəzeti də daxil olmaqla bir sıra müxalifətyönlü media qurumları Masallı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttlişliyinin Cənub Regional İdarəsinin rəisi Ərəstun Əbilovun oğlu polisə müqavimətə görə, Masallı rayon məhkəməsinin qərarı ilə15 günlük həbs olunub. Müxalifət mediası isə sözügedən məsələni qərəzli şəkildə şiirdərək, guya Sədi Əbilovun belə bir hərəkət etməsinə səbəb kimi atasının vəzifədə olmasını göstərib.

Qeyd edək ki, Ərəstun Əbilov YAP-ın yaradılmasında əməyi olan "91"lərdən biri olan Şirvan Əbilovun oğludur. Şirvan Əbilov eyni zamanda uzun müddət YAP-ın Masallı rayon təşkilatının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallaı rayon şöbəsinin rəhbəri olub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə