Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində yeni dəhliz yarana bilər

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində yeni dəhliz yarana bilər

Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində yüksək vəzifəli rəsmilərin iclası keçirilib. İclasa Azərbaycan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Özbəkistan və Türkmənistan nümayəndə heyətləri, Asiya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankının nümayəndələri dəvət olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, iclasda Azərbaycan nümayəndə heyətinin tərkibində Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin şöbə rəisi Səməd Qaralov da iştirak edib.

İclasın ilk günü "CAREC-in inkişafının effektivliyinin xülasəsinin metodologiyası", "CAREC əməkdaşlıq sektorları - sonuncu hadisələr və əsas məsələlər", "CAREC-in Nəqliyyat və Ticarətə Yardım üzrə Strategiyası-2020" mövzularında çıxışlar dinlənilib və müzakirələr aparılıb. S.Qaralov Azərbaycan gömrüyündə tətbiq olunan sadələşdirilmiş sərhəd-gömrük prosedurları, yeniləşdirilmiş gömrük qanunvericiliyi, potensialın gücləndirilməsi istiqamətində aparılan işlər, həmçinin yeni yaradılan Gömrük Akademiyası barədə məlumat verib. Azərbaycan nümayəndəsi qeyd edib ki, Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərində Sovet İttifaqının vaxtında mövcud olan beynəlxalq əhəmiyyətli yol infrastrukturu tamamilə dağıdılıb. Sülh danışıqları nəticəsində həmin infrastruktur bərpa olunarsa, CAREC çərçivəsində Azərbaycan üzərindən keçməklə yeni bir dəhliz yarana bilər. Bu isə regionda tranzit yük daşımalarının həcminin ən azı 2 dəfə artmasına şərait yaradar.

İclasın növbəti günü Asiya İnkişaf Bankının Şərqi Asiya Departamentinin və Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayəndələri CAREC-in 2014-2015-ci illər üçün fəaliyyət planında nəzərdə tutulan prioritet sahələrə dair müzakirələr aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə