Aureliya Qriqoriu: "Dağlıq Qarabağda vəhşiliklər törədən şəxslər cəzalandırılmalıdırlar"
Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu Binəqədi Rayon İcra Hakimiyyətində olub. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov A.Qriqoriunun simasında cəsarətli, əzmkar, ədalətli bir şəxsi görməkdən məmnun olduğunu diqqətə çatdırıb. Azərbaycanın haqlı mövqeyinə obyektiv və ədalətli yanaşma nümayiş etdirən moldovalı ombudsman rayon icra hakimiyyətinin inzibati binasında işçilər üçün yaradılmış şəraitlə tanış olub. İ.Süleymanov Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyətinə görə ombudsmana təşəkkür edib.
Daha sonra qonaqla Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında görüş keçirilibdir. YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Aureliya Qriqoriu Azərbaycan reallıqlarının dünya miqyasında yayılması, Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ və 7 ətraf rayonu işğal etməsi, Xocalı soyqırımı haqqında Ermənistanda "Dondurulmuş münaqişələr zonasında insan hüquqlarının qorunması" mövzusunda keçirilən konfransda beynəlxalq ictimaiyyətə geniş məlumat verib, ölkəmizin haqq səsini dünya birliyinə çatdırıb. Bundan sonra o, Ermənistan dövləti və erməni diasporunun çoxsaylı hücumlarına, hədələrinə məruz qalıb.
Ombudsman Binəqədi rayonunda olmaqdan və Binəqədi gəncləri ilə görüşməkdən məmnunluq duyduğunu qeyd edib. O, Azərbaycanı çox sevdiyini və burada ona göstərilən mehriban münasibəti yüksək qiymətləndirdiyini bildirib. Ötən il Ermənistanda keçirilən "Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması" mövzusunda konfransdan və orada münaqişə zonaları və eləcə də Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqda faktlara əsaslanan məlumatları konfransda iştirak edən, müxtəlif ölkələri təmsil edən iki yüzdən çox nümayəndənin diqqətinə çatdırmasından danışan Aureliya Qriqoriu konfransdan sonra ermənilərin ona mənəvi təzyiqlər göstərdiyini, onu hədələdiyini bildirib. O, SSRİ dağıldıqdan sonra postsovet məkanında münaqişələrin yarandığını, bu ölkələr arasında Moldova və Azərbaycanın da olduğunu qeyd edib. Ombudsman işğal, qaçqınların mövcudluğu, münaqişə zamanı insan hüquq və azadlıqların pozulması, soyqırımı kimi faktların beynəlxalq birliyin diqqətinə çatdırılmasının vacibliyindən danışıb. Moldovalı ombudsman Dağlıq Qarabağı işğal edən Ermənistanın və işğal altında olan ərazilərdə vəhşiliklər törədən şəxslərin adlarının məlum olduğunu və onların Beynəlxalq Məhkəmə tərəfindən məhkum olunmasının vacibliyini bildirib.
Tədbirdə çıxış edən Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunun rektoru Asəf Zamanov moldovalı ombudsmana Azərbaycan üçün göstərdiyi fədakarlığa görə təşəkkür edib, onun ölkəmizdə çox sevildiyini bildirib. O, moldovalı ombudsmanın Yerevanda Azərbaycanı müdafiə edən çıxışının beynəlxalq aləmdə böyük rezonans doğurduğunu və Azərbaycanın haqq səsinin konfransda olan beynəlxalq təşkilatların nümayəndələrinə çatdırılmasının mühüm hadisə olduğunu qeyd edib.
Sonda Aureliya Qriqoriu iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB