Astara şəhərində 8 hektar ərazidə park-bulvar salınır

Astara şəhərində 8 hektar ərazidə park-bulvar salınır

Astara Rayon İcra Hakimiyyətində keçirilən iclasda 2014-cü ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. Hesabat dövründə rayonda 59,7 milyon manat ümumi məhsul istehsal olunub. Bunun 10,2 faizi sənayenin, 43,1 faizi kənd təsərrüfatının, 2,2 faizi nəqliyyatın, 33,6 faizi ticarət və pullu xidmətlərin, 10,3 faizi tikintinin, 0,6 faizi isə rabitənin payına düşür. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 579 manat təşkil edib.

İclasda bildirilib ki, rayonda tikinti-abadlıq və quruculuq sahəsində də xeyli iş görülüb. Prezident İlham Əliyevin 2013-cü il 12 sentyabr tarixli Sərəncamına əsasən mart ayında 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikeş avtomobil yolunun tikintisinə və asfaltlaşdırılmasına başlanılıb. Yolda torpaq işləri yekunlaşıb və 13,5 kilometr məsafə asfaltlaşdırılıb.

Astara şəhərinin Xəzər dənizi sahili boyu 8 hektar ərazidə park-bulvarın tikintisinə başlanılıb. Ərazidə 200 min kubmetr torpaq işləri görülüb. Əyləncə mərkəzində idman meydançalarında, məişət obyektlərində isə tikinti-quraşdırma işi aparılır. Bundan əlavə, 12 istirahət evinin, üçmərtəbəli mehmanxananın tikintisi davam etdirilir.

Rayonda məktəb tikintisi də geniş vüsət alıb. Suparibağ, Anboba və Əzərud kəndlərində yeni məktəb binaları tikilir.

Astara şəhərində rayon maliyyə idarəsi üçün ikimərtəbəli müasir tipli inzibati binanın tikintisi tamamlanıb, Telman kəndində yeni çay emalı fabrikinin tikintisinə başlanılıb. Züngüləş kəndi ərazisində 0,3 meqavat gücü olan "Astara-1" kiçik su elektrik stansiyasının tikintisi davam etdirilir.

Diqqətə çatdırılıb ki, bu ilin birinci yarısında 29 hektar sahədə yeni çay plantasiyaları salınıb, ilk yığım mövsümündə 162 ton yaşıl çay yarpağı yığılıb.

Hesabat dövründə rayonda bitkiçilik, heyvandarlıq sahəsində də irəliləyiş əldə olunub.

İclasda sosial-iqtisadi sahədə qazanılan uğurlar ilə yanaşı, mövcud problemlərdən də söhbət açılıb, müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə