Masallı şəhər Heydər Əliyev Mərkəzində 2014-cü ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncağı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq 2014-cü ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran məsələlər barədə məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 10 iyul 2014-cü il tarixdə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı vurğulayıb ki, 2014- cü ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilib. Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı təmin olunub.
Respublikamızın hər yerində olduğu kimi Masallı rayonunda da 2014-cü ilin birinci yarısı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olub və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilib.
Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, şəhərin H.Aslanov, Azərbaycan küçələrində və Talışxanov prospektində geniş abadlıq və quruculuq işləri aparılır. Bu işlər çərçivəsində qeyd olunan küçələrdə müasir işıqlandırma sisteminin, səkilərin qurulması və yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Həmçinin H.Aslanov küçəsində yerləşən kommunal binaların fasadlarının və dam örtüklərinin əsaslı təmiri tamamlanıb. Bundan əlavə Səməd Vurğun, Qarabağ və Azərbaycan küçələrində asvalt örtüyü döşənmiş, səkilərin yenidən qurulması başa çatdırılmış və işıqlanma sisitemi yenilənib.
Eyni zamanda Masallı Tarix Diyarşünaslıq muzeyinin, Uşaq-İncəsənət məktəbinin, Bayraq meydanının tikintisi davam etdirilir. Habelə Masallı şəhər 1 saylı, Kolatan kənd tam orta məktəblərinin əsaslı təmiri, Mahmudavar kənd əsas məktəbinin tikintisi aparılır, Bədəlan kənd tam orta məktəbinin isə əsaslı təmiri başa çatdırılıb. Masallı şəhərində 2 uşaq bağçası üçün yeni binanın tikintisinə başlanılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter alıb. 2014-cü ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 47 layihə üzrə 12 milyon 156 min manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına , fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 241 yeni iş yerinin açılmasına səbəb olub.
Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və "Viləşçay" su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılıb. Hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində 19 km-ə yaxın magistral xətt çəkilib. İlin sonuna qədər layihə çərçivəsində bəzi kəndlərə suyun verilməsi nəzərdə tutulur.
12-16 iyun 2014-cü il tarixlərdə Ulu Öndərin 91 illik yubleyinə həsr edilmiş III Masallı Beynəlxalq Folklor Festivalı yenə də öz möhtəşəmliyi ilə yaddaqalan olub. Bu Festivalın yüksək səviyyədə təşkil olunmasında əməyi olan hər bir şəxsə öz təşəkkürümü bildirir və inanıram ki, Masallı həmişə belə gözəl layihələrlə özünü tanıtdıracaqdır.
Masallı rayonunda fəaliyyət göstərən 31 turizm obyektindən 28-i müvafiq lisenziya ilə təmin edilmişdir ki, bu istirahət mərkəzlərində 1176 turist yeri vardır. Cari ilin 6 ayı ərzində bu turist obyektlərində 7850 nəfər turist istirahət edib ki, onlardan 410 nəfəri xarici turist olub.
Yenidən inşa olunan Heydər Əliyev Mərkəzində Ümummilli liderimiz Heydər Əliyevin siyasi və təşkilati irsinin öyrənilməsində, gənclərin dünyagörüşünün genişləndirilməsində, bilik və bacarığının artırılmasında mühüm əhəmiyyət kəsb edən xalçaçılıq, heykəltəraşlıq emalatxanaları, həmçinin kinostudiya yaradılmaqla müxtəlif xalq sənətkarlığı və poliqrafiya dərnəkləri fəaliyyət göstərir. Bundan əlavə Mərkəzdə internet kafe, 3D formatlı kinozal, intellektual oyunlar otağı, elektron kitabxana, 300 yerlik tamaşa-konfrans zalı gənclərin və şagirdlərin istifadəsinə verilmişdir. Hazırda Mərkəzdə müxtəlif kurslar, o cümlədən xarici dil kursları fəaliyyət göstərir.
Yığıncaqda çıxış edənlərdən Masallı rayon əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Akif Əliyev, "Aqrolizing" ASC-nin Masallı rayon aqroservis filialınn direktoru Eldar Hüseynov, Masallı rayon
İcra hakimiyyıti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanov və başqaları 2014-cü ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB