Azərbaycan-Çin əməkdaşlığı müzakirə edilib FOTO

Azərbaycan-Çin əməkdaşlığı müzakirə edilib FOTO

İyulun 18-də Azərbaycan Dillər Universitetində universitetin Çin dili və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı və Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) 87-ci ildönümünə həsr olunan "Təhlükəsizlik sahəsində Azərbaycan-Çin əməkdaşlığını genişləndirməkdə hərbi diplomatiyanın rolu" mövzusunda elmi seminar keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, seminarda Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi Lyu Xung, hərbi attaşesinin köməkçisi cənab U, ADU – nun Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, universitetin müəllim və tələbələri iştirak edirdilər.

Seminarı açan ADU-nun Çin dili və Mədəniyyəti Mərkəzinin direktoru, dosent Rafiq Abbasov Azərbaycan-Çin siyasi-hərbi və hərbi-texniki əlaqələrin nəticələri və perspektivləri barədə məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimlərdə hərbçilərin qarşısında çıxışındakı sözlərini xatırladıb. Bu sözlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqaməti kimi, Silahlı Qüvvələrində keçirilən islahatların dərinləşməsi, Azərbaycanın ən qabaqcıl dünya hərbi təcrübəsindən tətbiq etməsi və öyrənməsi barədə danışıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin rəhbəri Fərda Əsədov "Hərbi sənət və qədim, orta əsrlərdə Çinin hərbi doktrinası" mövzusunda çıxış etdi. Fərda Əsədov Çin sivilizasiyasının formalaşmasında hərbi doktrinasının rolu, sənəti və hərbi texnologiyaların inkişafına Çinlərin töhfə və orta əsr Çin ordusunun ən əhəmiyyətli döyüşlərindən danışdı. ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri öz çıxışlarda Milli təhlükəsizlik strategiyasının və ÇXR-ın hərbi strategiyasının əsas prinsipləri, (ÇXAO) beynəlxalq əməkdaşlıq, beynəlxalq xilasetmə əməliyyatlarında, humanitar yardımı təmin etmək tədbirlərdə və anti-terror hərbi təlimlərdə Çin hərbiçilərin iştirakı haqqında məlumat verdilər.

Çin səfirliyinin hərbi attaşesi Lyu Xung öz növbəsində Çin hərbi sahəsinin prioritetləri, milli müdafiə və ölkənin ordusunda modernləşdirilmə haqqında danışıb.

Tədbirin sonunda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən Azərbaycan və Çin dilində hazırlanan "İlham Əliyev - qədim xalqlar dostluğunun müasir davamçısı" adlı kitabı qonaqlara hədiyyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə