“Gənc yazarlarla görüş” FOTO

“Gənc yazarlarla görüş” FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc yazarlarla görüş" adlı layihəyə start verilib.

SİA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən layihənin rəhbəri İsa Məmmədov bildirib ki, ədəbiyyat daim oxunmalıdır. Mütaliə etmək bir mədəniyyətdir. Bu mədəniyyətə də sahiblənmək lazımdır. Təbii ki, bu da öyrənilməli, təbliğ olunmalıdır.

Layihənin məqsədindən söhbət açan İsa Məmmədov deyib ki, "Gənc yazarlarla görüş" layihəsi gənc yazıçı və şairlərlə şagirdləri, tələbələri görüşdürəcək. Bu layihə ilə gənclər və yazarlar bir araya gələcək. Görüşlərdə ədəbiyyatdan, sənətdən, kitabdan söhbət açılacaq. Yazarların, gənclərin öz fikir və düşüncələrini bir-birləri ilə daha ətraflı bölüşməsi baxımından bir fürsət, meydan yaranacaq.

Tədbirdə digər çıxış edənlər də diqqətə çatdırıblar ki, layihə digər bir problemin həllində də müsbət rol oynaya bilər. Belə ki, hazırda Azərbaycanda yerli müəlliflərdən çox xarici müəlliflər oxunur. Azərbaycandakı vəziyyət digər ölkələrin kitab bazarından xeyli dərəcədə fərqlənir. Dünyanın hər yerində yerli müəlliflərin kitabları daha çox oxunur. Amma, Azərbaycanda bir qədər fərqlidir. Layihə yerli yazarların gənclərə tanıdılması missiyasının bir parçası ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə