Mərkəzi Bankda “Açıq qapı” günü

Mərkəzi Bankda “Açıq qapı” günü

İyulun 17-də Azərbaycan milli mətbuatının yaranmasının 139 illiyi münasibəti ilə Mərkəzi Bankda jurnalistlər üçün növbəti "Açıq qapı" günü keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrini peşə bayramları münasibəti ilə təbrik edən Mərkəzi Bank sədrinin müavini Aftandil Babayev Prezident İlham Əliyev tərəfindən milli mətbuatın inkişafına daim diqqət və qayğı göstərildiyini vurğuladı. Qeyd olundu ki, bunun nəticəsində ölkədə vətəndaş cəmiyyətinin qurulmasında, demokratik dəyərlərin bərqərar olması və inkişafında milli mətbuatın rolu getdikcə artır.

Mərkəzi Bankın siyasəti və fəaliyyətinin başlıca istiqamətləri barədə məlumat verən Aftandil Babayev pul və bank quruculuğu siyasətinin ictimaiyyət tərəfindən düzgün qavranılmasında KİV-in mühüm rolunu diqqətə çatdırdı.

Sədr müavini qurumun kommunikasiya siyasətindən danışarkən qeyd etdi ki, Mərkəzi Bankın rəsmi internet səhifəsi həm məzmun, həm də texniki baxımdan daim təkmilləşdirilir. İki dildə fəaliyyət göstərən internet səhifəsində orta hesabla il ərzində mindən çox yeni məlumat və material yerləşdirilir. Bankın reallaşdırdığı "Maliyyə savadlılığı" meqa-layihəsinin əsas hədəflərdən biri geniş ictimaiyyətlə yanaşı, media nümayəndələrinin də maarifləndirilməsidir. Artıq ənənəyə çevrilən "Açıq qapı" günü jurnalistlərə Mərkəzi Bankın struktur bölmələrinin fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı verir.

Görüşün sonunda milli mətbuatın yaranmasının ildönümü münasibətilə jurnalistlərə Mərkəzi Bank adından hədiyyələr təqdim olundu və xatirə şəkli çəkildi.

"Açıq qapı" günüdə iştirak edən media işçiləri bankın ayrı-ayrı struktur bölmələrinin fəaliyyəti ilə əyani tanış oldular. Struktur bölmələrin rəhbərləri tərəfindən onlara görülən işlər barədə ətraflı məlumat verildi, həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə