“İnternet üzərindən bir sıra zərərli meyllər, ideologiyalar yayılır”

QHT milli-mənəvi dəyərlərin təbliğində KİV-in rolunu müzakirəyə çıxarıb
“İnternet üzərindən bir sıra zərərli meyllər, ideologiyalar yayılır”

"Reytinq dalınca qaçan, gənclərin əxlaqını pozan materaillar yayan elektron KİV-lər ehtiyatlı olmalıdır. Onların populyarlıq naminə yaydıqları materiallar gəncləri mənfi istiqamətlərə meylləndirə bilər". Bu fikirlər Hüquqi və Demokratik İslahatlar Mərkəzi İB-in Azərbaycan Respublikası Prezidenti yanından Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Unudulmaqda olan milli-mənəvi dəyərlərin qorunması və təbliği" layihəsi çərçivəsində "Səs" qəzetinin redaksiyasında keçirilən dəyirmi masada səslənib.

"Milli-mənəvi dəyərlərimizin təbliğində KİV-in rolunun artırılması" mövzusunda keçirilən tədbirdə çıxış edən HDİM sədri İlham Əliyev bildirib ki, kütləvi informasiya vasitələri gənc nəslin tərbiyəsində məsuliyyət daşıyırlar: "Gənclər gələcəyimizdir, deyirik. Amma biz onları necə yetişdiririk? Gənclərin tərbiyəsinin məsuliyyəti təkcə məktəbin, valideynin üzərində deyil. Televiziya, internet saytları evimizin çağrılmamış qonaqlarıdır. Onların gənclərə böyük təsiri var. Alim də, ziyalı da, müəllim də, jurnalist də dərk etməlidir ki, gənclərin tərbiyə olunmasında onların da rolu var. Biz milli dəyərlərinə, soy-kökünə bağlı, sağlam gənclik istəyiriksə, birgə iş aparmalıyıq". Araşdırmaçı-jurnalist Əli Zülfüqaroğlu deyib ki, qloballaşma şəraitində milli mənəvi dəyərlərimizin aşınması ilə üz-üzəyik: "Bu təhlükədən qorunmaq üçün daha çox təbliğat aparmalıyıq. Mediada, sosial şəbəkələrdə milli mənəvi dəyərlərimizlə bağlı materiallar daha çox yayılmalıdır. Bu istiqamətdə daim iş aparılmalı, layihələr həyata keçirilməlidir. Öz keçmişinə bağlı olmayan millətin gələcəyi qaranlıqdır".

Ə.Zülfüqaroğlu deyib ki, unudulmaqda olan milli- mənəvi dəyərlərimizin qorunmasında ziyalıların, din xadimlərinin üzərinə böyük vəzifələr düşür: "Nə qədər inkar etsək də, bu gün unudulmaqda olan və artıq unudulmuş adət ənənələrimiz var. Elə adət ənənələrimiz var ki, yalnız bəzi bölgələrdə qalıb və ola bilsin ki 5-10 ildən sonra artıq unudulmuş olacaq. Məsələn, yaxın keçmişdə milli sərvətimiz olan muğamla bağlı da durum ürəkaçan deyildi. Hətta muğama gerilikçi kimi baxanlar da az deyildi. Amma Heydər Əiyev Fondunun dəstəyi nəticəsində muğam yenidən prestij qazandı və layiq olduğu yerdə dayandı. Bu təcrübələr onu deməyə əsas verir ki, istənilən problemi həll etmək, istənilən nəticəyə nail olmaq mümkündür". İnternet əsrində milli dəyərlərin qorunmasında ortaya çıxan çətinliklərlə bağlı danışan araşdırmaçı jurnalist deyib ki, internet həyatımızın bir parçasıdır və buna görə də cəmiyyətə təsir gücü çox böyükdür: "İnternet üzərindən bir sıra zərərli meyllər, ideologiyalar yayılır, təbliğ olunur. Bir çox hallarda gənc nəsil daha çox mənfi informasiyaların təsiri altına düşür. Bir sıra hallarda milli mənəvi dəyərlərimizi zədələyən informasiyalar xüsusi formada və qabarıq şəkildə təqdim olunur. Sosial şəbəkələrdə belə səhifələr kifayət qədərdir. Bu səbəbdən də internetin zərərli və ya xeyirli olması bugün üçün də müzakirə mövzusu olaraq qalır. Bütün bu çətinliklərə rəğmən milli mənəvi dəyərlərimizi qoruya bilər və gələcək nəsillərə çatdıra bilərik. Bunun üçün intellektual cəmiyyət formalaşmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə