FHN Qəbələdə təlim keçdi FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) BMT İnkişaf Proqramının birgə icra etdiyi "Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsi çərçivəsində Qəbələ şəhərindəki "Qafqaz Sport Hotel"də zəif dağ icmalarının sel və daşqın təhlükələri risklərinin azaldılması üçün "Sel və Daşqınlardan Erkən Xəbərdarlıq Sistemləri" haqqında təlim keçirilib.

SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının zəif dağ icmalarından olan nümayəndələrinin cəlb olunduğu seminarda FHN Şimal-Qərb Regional Mərkəzi, FHN Su Ehtiyyatları Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, Azərsu ASC, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən nümayəndələr, eləcə də bir sıra yerli və xarici ekspertlər iştirak ediblər.

Tədbiri BMT İnkişaf Proqramının Layihələr üzrə Meneceri Məzahir Əfəndiyev açıq elan edərək, layihənin məqsədləri və gözlənilən əsas nəticələr haqqında iştirakçılara geniş məlumat verib.

Sonra "Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsi çərçivəsində layihə heyəti, milli və beynəlxalq ekspertlərin prezentasiyalı çıxışları dinlənilib.

Daha sonra daşqınlara qarşı erkən xəbərdarlıq qabiliyyətinin gücləndirilməsi üçün iştirakçılar arasında xəbərdarlıq sisteminin tərkib hissələri olan risklər üzrə bilik, monitorinq və xəbərdarlıq, rabitə və məlumatın ötürülməsi, cavab bacarığı haqqında qrup müzakirələri keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...